Elman Nəsirli: “Azərbaycan bu məsələ ilə bağlı öz mövqeyini bildirib” AÇIQLAMA

Elman Nəsirli: “Azərbaycan bu məsələ ilə bağlı öz mövqeyini bildirib” AÇIQLAMA

"Azərbaycan dövləti 2001-ci ilin yanvar ayından Avropa Şurasının üzvüdür. Artıq 13 il ötdükdən sonra ölkəmiz ilk dəfə yəni, bu gündən etibarən Avropa Şurası Nazirlər Komitəsində sədrliyə başlayır. Təbii ki, bu, çox mühüm və əlamətdar hadisədir. Azərbaycan quruma sədrliyi dövründə AŞ-nın üç fundamental - insan hüquqlarının müdafiəsi, qanunun aliliyi və demokratiyanın inkişafı ilə bağlı prinsiplərinə sadiq qalacağını bəyan edib". Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirli Azərbaycanın AŞ Nazirlər Komitəsində sədrliyi dövründə gündəlikdə duran məsələlər haqqında danışarkən deyib.

Politoloqun sözlərinə görə, Azərbaycan üzvlüyü dövründə həmin prinsiplərə söykənib və bundan çıxış edərək öz siyasətini tənzimləyib: "Bununla belə, ölkəmiz öz üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirib. Təbii ki, bu proses davam edir. Hesab edirəm ki, Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyi həm ölkəmiz, həm də AŞ üçün vacib hadisə olacaq. Məsələ ondadır ki, AŞ Nazirlər Komitəsinə Ermənistan kimi sıradan bir ölkə deyil, BMT kimi çox nəhəng universal və beynəlxalq təşkilata iki dəfə sədrlik etmiş bir dövlət sədrlik edəcək. Eyni zamanda BMT-nin burada çox böyük təcrübəsi var.

Heç şübhəsiz ki, Azərbaycan dövləti və haqqında bəhs edilən AŞ insan hüquqları ilə bağlı baza prinsipinə xüsusi diqqət yetirəcək. Bizim üçün bu tribuna bir milyondan artıq qaçqın və məcburi köçkünlərimizin total şəkildə pozulmuş hüquqlarının müdafiəsini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçü əla fürsətdir. Bildiyiniz kimi, Avropa Şurası Parlament Assambleyası Rusiyanı Ukrayna böhranı və Krımın ilhaqı ilə bağlı səsvermə hüququndan bir il müddətinə məhrum edib.

Hesab edirəm ki, Azərbaycan bu sədrliyi dövründə Ermənistanı işğalçı və bir milyondan artıq insanın hüquqlarını kobud, total şəkildə pozan bir dövlət kimi onun səsvermə hüququndan məhrum etməsi ilə bağlı məsələləri gündəmə gətirə bilər. Əslində bu hər kəsə bəllidir ki, muasir dünyada uğurlar, qələbələr cəbhə, təmas xəttində deyil, əksinə informasiya məkanında qazanılır. Azərbaycan tərəfi bu sədrliyi dövründə konket olaraq prioritetlərini də müəyyən edib. Bunların içərisində heç şübhəsiz ki, korrupsiyaya qarşı mübarizə məsələləri diqqət mərkəzində saxlanılacaq. Azərbaycan artıq bu məsələ ilə bağlı öz mövqeyini bildirib".

Bütün xəbərlər Facebook səhifəmizdə