Qabil Hüseynli: “ATƏT-in Minsk qrupu öz fəaliyyətinin öhdəsindən gələ bilmir” AÇIQLAMA
"ATƏT-in Minsk qrupunun Atəşkəs rejiminin 20 illiyi ilə bağlı bəyanatında "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin Azərbaycan və erməni xalqı arasında inam və qarşılıqlı anlaşma olmadan mümkün deyil" fikri qəsdən planlaşdırılıb və məsələnin mahiyyətindən uzaqlaşmağa hesablanıb". Bunu SİA-ya politoloq Qabil Hüseynli bildirib.
Politoloqun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında inam və qarşılıqlı anlaşma mühitinin olmaması işğalçı ölkənin birbaşa yürütdüyü qeyri-konstruktiv siyasətlə bağlıdır: "Məgər ATƏT-in Minsk qrupu görmür ki, 20 ildən artıqdır Azərbaycanın əraziləri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub və nəticədə bir milyondan artıq qaçqın və məcburi köçkün öz yurdlarından didərgin düşüb? Bununla belə, təmas xəttində daim atəşkəs rejimi pozulur və Dağlıq Qarabağda ermənilərin məskunlaşdırılması prosesi aparılır və s. Hətta işğalçı ölkə tərəfindən yer adları, toponomik adlar dəyişdirilir.
Azərbaycanın danışıqlar prosesini pozacaq və yaxud insamsızlıq yaradacaq hər hansı bir hərəkətinə nümunə gətirmək mümkün deyil. Bu məqamda əgər tərəflər arasında bərabərlik işarəsi qoyulursa və hər iki tərəfin məsuliyyəti eyniləşdirilirsə, bu onu göstərir ki, ATƏT-in Minsk qrupu ya öz fəaliyyətinin öhdəsindən gələ bilmir, ya da ki, gəlmək istəmir. Burada sadəcə olaraq ikilistandartlardan istifadə edilir. Əksər məqamlarda isə ATƏT-in Minsk qrupu xristian təəssübkeşlik və yaxud erməni lobbisinin təsirindən qaynaqlanaraq ermənilərin tərəfini saxlayır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB