Səməd Seyidov: "İşğalçı ölkənin adını çəkmədikcə problem həll olunmayacaq" Münasibət

Səməd Seyidov: "İşğalçı ölkənin adını çəkmədikcə problem həll olunmayacaq" Münasibət

"Bu gün atəşkəs və status-kvonun olması qəbul edilməzdir. Hər kəsə məlumdur ki, Azərbaycan torpaqları 20 ildən çoxdur ki, ermənilərin işğalı altındadır. Münaqişənin həlli istiqamətində çalışmalı olan ATƏT-in Minsk qrupunun 20 illik fəaliyyəti hələ də nəticə vermir. Ona görə də hər hansı bir müqavilənin bitməsi və yaxud da vaxtının uzadılması o qədər də vacib deyil". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

Onun sözlərinə görə, vacib məsələ mövcud vəziyyətin qəbul edilməməsidir: "ATƏT-in Minsk qrupunun məsələ ilə bağlı fəaliyyəti nə qədər zəif və gözə görünməz olsa da, bu günlərdə bir neçə dəfə həm qrup səviyyəsində, həm də ABŞ Dövlət Departamentinin təmsilçisinin sözlərinə əsasən işğal faktı vurğulanıb. Əminəm ki, bu istiqamətdə işlər bundan sonra daha da aktivləşəcək. Çünki bugünkü vəziyyət tək Azərbaycan üçün yox, eləcə də bütün dünya üçün qəbuledilməz vəziyyətə çevrilib. Ona görə də işğalçıya işğal edən demədikcə heç bir problem həll oluna bilməz".

Qeyd edək ki, ATƏT-in Minsk qrupu Azərbaycanla Ermənistan arasında imzalanan və tarixə "Bişkek protokolu" adı ilə düşən atəşkəs sazişinin 20 illiyi ilə bağlı bəyanat verib. Bəyanatda atəşkəs sazişinin aktiv hərbi əməliyyatları dayandırmaqda böyük rol oynadığı və bunun sülh danışıqları üçün zəmin yaratdığı vurğulanır.

Bütün xəbərlər Facebook səhifəmizdə