Prezident İlham Əliyev: “Mövcud olan gözəl ab-hava, dostluq, mehribanlıq ab-havası xalqlarımızı daha da sıx birləşdirəcək”

Prezident İlham Əliyev: “Mövcud olan gözəl ab-hava, dostluq, mehribanlıq ab-havası xalqlarımızı daha da sıx birləşdirəcək”

"Bu, Sizin Azərbaycana ilk səfərinizdir. Əminəm ki, Sizin rəsmi səfəriniz Fransa-Azərbaycan dostluq əlaqələrinin inkişafında mühüm addım olacaqdır, əlaqələrimizə yeni təkan verəcəkdir. İyirmi ildən artıqdır ki, ölkələrimiz bir-biri ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çoxşaxəlidir, müxtəlif sahələri əhatə edir və gündən-günə möhkəmlənir". Bunu Prezident İlham Əliyev Bakı Fransız Liseyində aparılan tikinti işləri ilə tanışlıq mərasimində çıxışı zamanı deyib.

Prezident İlham Əliyev bildirib ki, bizim çox sıx siyasi əlaqələrimiz vardır: "Sizin rəsmi səfəriniz bunu təsdiqləyir. Daim siyasi dialoq, müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılır. Biz beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq edirik. Bir sözlə, siyasi əlaqələrimizin yüksək səviyyədə olması bütün başqa sahələrə də müsbət təsir göstərir.

İqtisadi sahədə görüləcək işlərə yeni təkan vermək üçün sabah biznes forum keçiriləcəkdir. Mən çox şadam ki, Azərbaycana Fransadan Sizinlə bərabər çoxsaylı iş adamları gəlmişlər. Əminəm ki, biznes forumun nəticələri də çox yaxşı olacaqdır. Çünki bizim aramızda olan ticarət əlaqələri də güclənir, möhkəmlənir.

Bildiyiniz kimi, Azərbaycanda 50-dən çox Fransa şirkəti fəaliyyət göstərir. Eyni zamanda, humanitar sahədə, o cümlədən təhsil sahəsində əməkdaşlıq inkişafdadır. Yüzlərlə Azərbaycan gənci hazırda Fransanın ali məktəblərində təhsil alır və bu proses davam edir. Azərbaycan təhsilin inkişafına çox böyük əhəmiyyət verir. Minlərlə Azərbaycan gənci dövlət xətti ilə dünyanın aparıcı ali məktəblərində dövlət hesabına təhsil alır.

Səfərinizin bu məktəbdən başlaması Sizin də bu sahəyə böyük diqqət verdiyinizi əyani şəkildə sübut edir. Yəni, burada bizim məqsədlərimiz üst-üstə düşür. Əminəm ki, bu liseydə təhsil alacaq uşaqlar gələcəkdə Fransa-Azərbaycan əlaqələrini daha da sıx möhkəmləndirəcəklər. Burada fransalı uşaqlar öz ana dilində təhsil alacaqlar, öz Vətəninə bağlı olacaqlar. Azərbaycanlı uşaqlar isə fransız dilini mükəmməl, öz ana dili kimi biləcəklər. Eyni zamanda, bu liseydə Fransanın qədim tarixi, zəngin mədəniyyəti ilə tanış olacaqlar.

Fransa dünya mədəniyyətinə, elminə, incəsənətinə, memarlıq sənətinə əvəzolunmaz töhfələr vermişdir. Dünya mədəniyyətini Fransasız təsəvvür etmək mümkün deyildir. Bizim burada təhsil alacaq uşaqlarımız bir-biri ilə sıx bağlı olacaqlar, dost olacaqlar. Əminəm ki, gələcəkdə onlar böyüyəndə bu dostluq əlaqələrini saxlayacaqlar. Beləliklə, bir-birinə hörmətlə, məhəbbətlə yanaşan gənc nəsil yetişəcək və bu da bizim dostluğumuzu daha da möhkəmləndirəcəkdir. Bir sözlə, bu lisey sadəcə olaraq yeni bir təhsil ocağı deyil, həm də Fransa-Azərbaycan dostluğunun mərkəzi olacaqdır. Əminəm ki, burada uşaqlara veriləcək təhsil ən yüksək səviyyədə olacaqdır.

Biz humanitar sahədə müxtəlif layihələr üzrə işləyirik. Biz çox şadıq ki, Parisdə, Versalda, Strasburqda icra olunan layihələrdə Azərbaycan tərəfi də iştirak edir. O cümlədən Luvrda aparılan işlərdə Azərbaycan tərəfi iştirak etmişdir. Bu, bizim əlaqələrimizi daha da sıx birləşdirir. Eyni zamanda, son illərdə Fransanın müxtəlif şəhərlərində çoxsaylı Azərbaycan tədbirləri - mədəniyyət günləri, sərgilər, konsertlər keçirilmişdir.

Şəhərlərarası əlaqələr də çox zəngindir və çox səmərəlidir. Deyə bilərəm ki, Parisin mərkəzində, Eyfel qülləsinin lap yaxınlığında iki il bundan əvvəl Azərbaycan Mədəniyyət Mərkəzi açılmışdır. Bu da Azərbaycanın Fransadakı kiçik bir parçasıdır. Necə ki, bu məktəb səfirlikdən sonra Fransanın ikinci məkanıdır, ikinci ərazisidir. Bu məktəbin yaradılması da bizim dostluğumuzu ifadə edir. Çünki bu, birgə səylər, hər iki tərəfdən gələn səmimi təşəbbüs nəticəsində mümkün olmuşdur. Bu yerin seçilməsi də çox böyük məna daşıyır. Çünki bu ərazidə vaxtı ilə, sovet dövründə sənaye zonası yerləşirdi. Bakının son illərdə abadlaşması və sənaye zonalarının şəhərin kənarına çıxarılması layihələri məhz bu zonada da icra edilir. Burada yeni məktəbin, Fransız Liseyinin yaradılması da rəmzi məna daşıyır. Çünki arxa tərəfdə "Ağ şəhər" layihəsi çərçivəsində Paris kvartalı yaradılır. Ağ şəhər əslində şəhər içində bir şəhərdir, müasir şəhərsalma metodları ilə yaradılır. Paris evləri , Paris kvartalı, Fransız Liseyi, Xəzər dənizi, Bakı Bulvarı, bax bu zona şəhərin gözəl mərkəzinə çevrilir. Əminəm ki, burada mövcud olan gözəl ab-hava, dostluq, mehribanlıq ab-havası xalqlarımızı daha da sıx birləşdirəcəkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə