Bahar Muradova: “Azərbaycanın hansı sahədə inkişafına baxırıqsa, orada Heydər Əliyevin izini görürük”

Bahar Muradova: “Azərbaycanın hansı sahədə inkişafına baxırıqsa, orada Heydər Əliyevin izini görürük”

"Azərbaycan dövləti heç zaman indiki qədər möhkəm, inikişaf etmiş və müstəqil olmayıb. Bu, Ulu Öndər Heydər Əliyevin arzusu, məqsədi, həyatının mənası idi". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

O, Ümummilli Lider Heydər Əliyevin ömrünü həsr etdiyi Azərbaycan xalqının istək və arzularının bu gün çiçəkləndiyini, qol qanad atdığını və inkişaf etdiyini qeyd edib: "Bu, hər birimnizi sevindirir və bu günə hansı yollardan, mərhələlərdən keçərək gəldiyimizi düşündürür, məsuliyyət hissimizi artırır. Ulu Öndər həmişə söyləyirdi ki, müstəqillik əldə etmək onu qorumaqdan asandır və ya müstəqilliyi qorumaq onu əldə etməkdən çətindir. İllər ərzində Onun dediyi bu fikirlərin əsl mənasına və məzmununa bir daha əmin olduq ki, müstəqilliyi elan etmək onun ən asan tərəfi imiş. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursla məhz onun özünün iştirakı və rəhbərliyi ilə Azərbaycan dövləti ayağa durdu, öz müstəqilliyini möhkəmləndirdi, inkişaf etdi. Ulu Öndər hər bir Azərbaycan vətənadaşı üçün rifah içərisində olan demokratik cəmiyyət yaratdı. Azərbaycanın hansı sahədə inkişafına baxırıqsa, orada Ulu Öndər Heydər Əliyevin izini, rolunu, xidmətlərini görürük".

Vitse-spiker bildirib ki, bugünkü nəslin borcu Ümummilli Lider Heydər Əliyevin tövsiyyələrinə maksimum əməl etməklə Azərbaycanı daha da inkişaf etdirmək, inkişaf etmiş ölkələr sırasına çıxarmaq, onun müstəqilliyinə xələl gətirəcək hər hansı bir hərəkətin qarşısında bir xalq, dövlət, güc olaraq dayanmaqdır.

"Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi ideyalarını, arzularını, dövlət quruculuğu prosesini çox böyük uğurla davam etdirən Prezident İlham Əliyevin fəaliyyəti də aydın şəkildə görünür. Sevinirik ki, bu gün qətiyyətli, xarizmatik, cəsarətli, dünya proseslərindən düzgün baş çıxaran və eyni zamanda, dünyanın bütün çağırışlarını zamanında nəzərə almağı bacaran siyasi liderlə irəliləməkdəyik. Azərbaycanın bugünkü uğurlarının rəhni Ulu Öndər Heydər Əliyevin ideyaları ilə silahlanmış və bu ideyaların həyata keçirilməsini həyatının mənası hesab edən Prezidentimizin fəaliyyətidir. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə Azərbaycan xalqını təbrik edirəm. Arzu edirəm ki, Onun istəklərinə uyğun yaşayaq, fəaliyyət göstərək, ölkəmizi inkişaf etdirək və Ulu Öndərin xatirəsi qarşısında borucumuzu yerinə yetirək", - deyə B.Muradova qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə