Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyə başlayır AÇIQLAMA
"Bu ilin may ayının 6-da Avstriyada Avropa Şurasının Nazirlər Komitəsinin iclası keçirildi. Bu iclasda rəsmi olaraq təhvil-təslim mexanizmi reallaşdırıldı. Belə ki, həmin iclasda sədrlik Avstriyadan Azərbaycana keçdi. Azərbaycanın formal olaraq sədrliyi qəbul etməsi və öz fəaliyyətinə başlaması isə mayın 14-dən sonra reallaşdırılacaq. Təbii ki, bu, noyabr ayınadək davam edəcək". Bunu SİA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) şöbə müdiri Hikmət Hacıyev Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə gündəlikdə duran məsələlərlə bağlı danışarkən deyib.
XİN rəsmisinin sözlərinə görə, Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik 6 aylıq bir dövrü (maydan noyabr ayınadək) əhatə edəcək: "İnsan hüquqları, qanunun aliliyi və demokratiya prinsiplərinin inkişaf etdirilməsi və təşviqi ölkəmizin fəaliyyətinin əsas məğzini təşkil edəcək. Bir qayda olaraq Avropa Şurasına sədrlik dövründə dövlətlər tərəfindən də özlərinin prioritetləri təqdim olunur. Təbii ki, bu prioritetlər də o deməkdir ki, həmin sədrlik dövründə Avropa Şurasının Nazirlər Komitəsinin fəaliyyətinin əsas istiqamətləri sanki müəyyən olunmuş formada olur. Azərbaycan özünün malik təcrübəsi və eyni zamanda fərqli xüsusiyyətləri ilə eləcə də Avropa Şurasının gündəlikdə olan məsələlərinin aktuallığını nəzərə alaraq bir sıra prioritetlərlə çıxış edib. Bu prioritetlərə ilk növbədə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi daxildir.
Ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsində zəngin təcrübəsi var. Bura açıq hökumətin yaradılması və onun təşviq edilməsi, eyni zamanda elektron hölumətin yaradılması və onun təşviqi, korrupsiyaya qarşı milli fəaliyyət proqramının qəbul edilməsi, Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Baş İdarənin yaradılması və onun səlahiyyətlərinin daha da artırılması, o cümlədən vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə dövlət agentliyinin yaradılması daxildir. Bütün bunlar ona dəlalət edir ki, artıq Azərbaycanın bu sahədə çox zəngin təcrübəsi var və ölkəmiz korrupsiyaya qarşı mübarizə sahəsində Avropa Şurasının gündəmində olan məsələlərə öz töhvəsini verə bilər. Bununla da bu sahədə dövlətimiz əməkdaşlığı daha da gücləndirmiş olar.
İkinci prioritet sahə mədəniyyətlərarası müxtəliflikdir. Azərbaycanın bu sahədə də kifayət qədər zəngin təcrübəsi var. Biz hər zaman qeyd edirik ki, tolerantlıq, müxtəlif mədəniyyətdən, dindən olan insanların sülh şəraitində birgə yaşaması ölkəmiz üçün bir həyat tərzidir. Bu, əsrlərdən bəri Azərbaycan xalqının formalaşdırdığı bir ənənədir. Təbii ki, bundan çıxış edərək biz bu məsələdə də Avropa Şurasının gündəmində olan məsələlərə öz töhvəmizi vermək əzmindəyik. Hesab edirik ki, Avropa dövlətləri üçün də mədəniyyətlərarası dialoq, mədəni fərqlilik və müxtəliflik məsələləri kifayət dərəcədə aktualdır.
Üçüncü prioritet istiqamət sosial davamlılıq və həmrəyliklə bağlıdır. Burada cəmiyyətin sosial zümrələri dedikdə ilk növbədə qaçqınlar və məcburi köçkünlər nəzərdə tutulur. Bildiyiniz kimi, Azərbaycan torpaqları Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Məhz bunun nəticəsində bir milyondan artıq qaçqın və məcburi köçkün öz yurdlarından didərgin düşüb. Bu kimi vətəndaşların sosial müdafiəsinin artırılması sahəsində Azərbaycanın kifayət qədər zəngin təcrübəsi var. Dövlətimiz cəmiyyətimizin bu həssas zümrəsi olan vətəndaşlarımızın sosial problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Hesab edirik ki, bu məsələ ümumavropa kontekstində və digər Avropa ölkələrində də müəyyən dərəcə aktuallıq daşıyır.
Dördüncü prioritet istiqamət gənclərlə bağlı məsələdir. Ümumiyyətlə, Azərbaycan siyasətində gənclərin tərbiyəsi və gənclər siyasəti dövlətimizin ən başlıca istiqamətlərindən biridir. Gənclərin tərbiyyəsi və onlarda hüquqi maarifçiliyin artırılması və xüsusilə də insan hüquqları sahəsində maarifçiliyin artırılması tərəfimizdən növbəti prioritet istiqamət kimi müəyyən edilib.
Ümumiyyətlə, Avropa Şurasına bu sədrlik dövrü ərzində Azərbaycan tərəfindən intensiv şəkildə çox möhtəbər tədbirlərə ev sahibliyi ediləcək. Bu sıraya 18-dən artıq müxtəlif tədbirlər daxildir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB