Bahar Muradova Rusiya səfirinin bəyanatına münasibət bildirib

Ukraynanın şərqində və Krımda yaşananları Dağlıq Qarabağ erməniləri üçün presedent olduğunu bəyan etmək diplomatik qaydalara uyğun deyil və Rusiyanın məsələ ilə bağlı həm statusuna, həm mövqeyinə, həm də bu günə qədər sərgilədiyi münasibətə uyğun deyil
Bahar Muradova Rusiya səfirinin bəyanatına münasibət bildirib

"Hər bir dövlətin digər bir ölkədə rəsmi təmsilçisi, diplomatik korpusunun rəhbəri bu və ya digər məsələyə münasibət bildirərkən təmsil etdiyi ölkənin rəsmi mövqeyini mütləq nəzərə almalıdır". Bunu SİA-ya Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin bəyanatına münasibət bildirərkən deyib.

Vitse-spiker vurğulayıb ki, Rusiya kimi dövlətin Ermənistandakı səfiri Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar fikir bildirərkən yalnız Rusiyanın yox, həm də ATƏT-in Minsk qrupunun həmsədri olan bir ölkənin nümayəndəsi olduğunu unutmamalıdır: "Hesab edirəm ki, İvan Volınkin fikirlərini bu kriteriyalara uyğun şəkildə ifadə etməlidir. ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyanın bu məsələdə fərqli mövqeyi var. Bu günə qədər Rusiya tərəfinin verdiyi açıqlamalarda, rəsmi danışıqlarda, konkret olaraq Dağlıq Qarabağ məsələsi ətrafında gedən vasitəçilik missiyası prosesindəki bütün tədbirlərdə, bəyanatlarında bu mövqe aydın görünür. İvan Volınkin ifadə etdiyi mövqe Rusiyanın mövqeyi ilə uyğunluq təşkil etmir. Hesab edirəm ki, bu məsələdə İvan Volınkin yanlışlığa yol verib. Ümid edirəm ki, bununla əlaqədar Rusiya tərəfi ona irad bildirəcək".

B.Muradova vurğulayıb ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı həmsədrlərin, həmsədr ölkələrin və onların nümayəndələrinin, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin, eləcədə danışıqlar prosesinin iştirakçısı olan tərəflərin rəhbərliyinin ifadə etdiyi mövqe rəsmi hesab olunur: "Hesab edirəm ki, bu şəxslər və qurumlar tərəfindən ifadə olunan fikirlər danışıqlar prosesinin prinsiplərinə uyğun şəkildə olmalıdır".

Vitse-spiker təəssüflə qeyd edib ki, hərdən ATƏT-in Minsk qrupunun həmsədrləri də Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqe bildirərkən yanlışlığa yol verirlər: "Bir neçə gün öncə ATƏT-in Minsk Qrupunun ABŞ-lı həmsədri Ceyms Uorlikin fikirləri Azərbaycanda çox ciddi narahatlıq doğurmuşdu. Ona görə də həm rəsmi, həm də qeyri-rəsmi dairələr bununla bağlı haqlı mövqelərini ifadə etdilər. Ona görə də Ermənistandakı Rusiya təmsilçisinin bütün bunları nəzərə almadan fikir bildirməsi diplomatik missiya ilə uyğunluq təşkil etmir".

B.Muradova vurğulayıb ki, Ukraynanın şərqində və Krımda yaşananları Dağlıq Qarabağ erməniləri üçün presedent olduğunu bəyan etmək diplomatik qaydalara uyğun deyil və Rusiyanın məsələ ilə bağlı həm statusuna, həm mövqeyinə, həm də bu günə qədər sərgilədiyi münasibətə uyğun deyil.

Qeyd edək ki, Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin Dağlıq Qarabağ münaqişəsini Krımda yaşananlara eyniləşdirən bəyanat verib. Həmçinin bu gün Ukraynanın şərqində yaşananlar Dağlıq Qarabağ erməniləri üçün presedent sayıla biləcəyini qeyd edib. Hətta səfir hadisələr arasında sadəcə cüzi fərqlərin olduğunu da deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə