Aydın Mirzəzadə: "Ermənistanın Azərbaycan ərazisinə nəzarət etməsi qəbul edilməzdir" MÜNASİBƏT

Aydın Mirzəzadə: "Ermənistanın Azərbaycan ərazisinə nəzarət etməsi qəbul edilməzdir" MÜNASİBƏT

"Azərbaycanı tam şəkildə qane etməsə də, amerikalı həmsədrin söylədiyi fikirlər müzakirə mövzusu ola bilər. Əsas odur ki, Azərbaycanın ərazi bütövlüyü həmişə ön planda dayansın". SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi 6 elementə münasibət bildirərkən belə deyib.

Onun sözlərinə görə, Uorlik Dağlıq Qarabağın müstəqil olması ilə bağlı məsələni vurğulamaqla Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsi hadisəsinə "don geyindirməyə" çalışır: "Onun fikrincə, Dağlıq Qarabağ ətrafında ələ keçirilmiş ərazilər Azərbaycanın nəzarətinə qaytarılmalı, həmin əraziyə müvəqqəti status verilməlidir. Ən əsası isə amerikalı həmsədr bildirir ki, Dağlıq Qarabağ əhalisinin, xüsusilə erməni icmasının təhlükəsizliyinin təmin edilməsi üçün mexanizm qurulmalıdır. Artıq məlumdur ki, Azərbaycan erməni icmasının təhlükəsizliyinin təmin olunmasına etiraz etmir. Açıqlanan elementlərdə maraqlı məqamlardan biri də qaçqın və məcburi köçkünlərin öz əvvəlki yaşayış yerlərinə qaytarılmasıdır. Vaxtı ilə Dağlıq Qarabağda yaşayan azərbaycanlıların da sayı kifayət qədər olub. Deməli Şuşaya, Ağdərəyə və Xocavəndə azərbaycanlıların geri qaytarılması məsələsi də önə çəkilməlidir".

Laçın dəhlizinin bir hissəsinin Ermənistanın, digər hissəsinin isə Azərbaycanın nəzarətində qalması məsələsinə gəlincə millət vəkili bildirib ki, Azərbaycan öz suverenliyini heç kimə və heç bir ölkəyə güzəştə gedə bilməz: "Hansısa bir formada Ermənistanın Azərbaycanın ərazisinə nəzarət etməsi qəbul edilməzdir. Ümumilikdə isə deyə bilərəm ki, Uorlikin bu təklifləri irəli sürməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın ərazi bütövlüyünün əsas məsələ kimi qəbul edildiyini göstərir. Ermənistanın bu məsələdə reaksiyası müxtəlif ola bilər. Amma İrəvan Ermənistanın işğalçılıq siyasətinin bu gün beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməməsindən nəticə çıxarmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə