Əli Həsənov: “Azərbaycan dövlətinin bütün sahələrdə inkişafının təməlində Heydər Əliyevin ideyaları dayanır”
"Müstəqil Azərbaycan dövlətinin bütün sahələrdə inkişafının təməlində Ümummilli Lider Heydər Əliyevin ideyaları, onun həyata keçirdiyi siyasət dayanır". SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda keçirilən iclasında çıxışı zamanı məlumat verib.
Ə. Həsənov Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan gəncliyinin sürətlə inkişaf etdiyini qeyd edib: "1993-cü ildə gənclik ayrı-ayrı düşərgələrə cəlb olunaraq, silahlandırılaraq Azərbaycanın dövlətçilik müdafiəsi istiqamətdində deyil, hakimiyyət uğrunda mübarizədə Azərbaycan dövlətinə qarşı istifadə olunurdu. Gənclik Azərbaycanda vətəndaş müharibəsinə cəlb olunmuşdu. Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdandan sonra bütün sahələrdə canlanma baş verdi. Siyasətdə, iqtisadiyyatda, sosial həyatda və digər sahələrdə olan anarxiya, xaosa son qoyuldu. Eyni zamanda, Ulu Öndər gənclərə xüsusi diqqət yetirdi. Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra ilk yaratdığı dövlət qurumu Gənclər və İdman Nazirliyi oldu. O, 1994-cü ildə bu nazirliyi yaratdı, Azərbaycan gənclər siyasətinə xüsusi önəm verdi və gəncliyi birbaşa dövlət siyasətinin hədəfinə çevirdi. 1996-cı ildə gənclərin ilk forumu keçirildi. 1997-ci ildə 2 fevral Gənclər Günü elan olundu. Ardınca, 1999-cu ildə gənclərin ikinci, 2003-cü ildə üçüncü, 2005-ci ildə isə dördüncü forumu keçirildi. Bunlar bütün ölkənin, həm dövlət qurumlarının, həm də ictimaiyyətin diqqətini gənclərə yönəltmək, gənclər siyasətini bilavasitə dövlətin diqqət mərkəzinə çıxarmaq demək idi. Onun nəticəsidir ki, bu gün bütün sahələrdə Azərbaycan dövlətinin indiki idarə heyətini əvəz edə biləcək sağlam gəncliyin şahidiyik".
PA rəsmisi bildirib ki, Azərbaycan gənclər siyasətinin təməlində Ümummilli Lider Heydər Əliyev və onun ideyaları dayanır. Azərbaycan gəncliyinin haqlı olaraq öz Ümummilli Lideri Heydər Əliyevlə qürur duyduğunu və onun dövlətçilik, Azərbaycançılıq, Azərbaycan millətçiliyi ideyalarını yaşadıb, həyata keçirdiyini vurğulayan PA rəsmisi Ulu Öndər Heydər Əliyevin siyasi varisi cənab Prezident İlham Əliyevin hakimiyyətə gələndən sonra gənclər isyasətinə diqqəti daha da artırdığını qeyd edib: "Cənab Prezident İlham Əliyevin diqqətinin nəticəsində gənclərimiz Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında, beynəlxalq yarışlarda medallar qazanmağa başladılar və digər sahələrdə böyük uğurlara imza atdılar".
Ə. Həsənov Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun əhəmiyyətindən də danışıb: "Gənclər və İdman Nazirliyinin nəzdində yaradılmış Gənclər Fondunun Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna çevrilməsi onun statusunun daha da yüksəldilməsi məqsədi daşıyır. Fondun vəsaitləri də ildən-ilə artır. Fond vasitəsilə böyük qrant layihələri həyata keçirilir və mindən artıq gənclər təşkilatına, yaxud ayrı-ayrı gənclərə qrantlar verilir. Bu təşkilatların fəaliyyətlərini stimullaşdırmaq, onlara dəstək vermək, dövlətin imkanları çərçivəsində qrantla təmin etmək də Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin önəmli tərkib hissəsidir. Cənab Prezident bütün bölgələrdə gənclər evlərinin tikintisinin dövlət proqramına daxil edilməsi barədə göstəriş verdi. Gənclər evləri bölgələrdə Azərbaycan dövlətinin gənclərlə bağlı siyasətinin reallaşmasını və gənclərin idarəçiliyə, istehsalata, sosial sahələrə cəlb olunmasını şərtləndirən addımlardan biridir. Bunlardan birincisi gənclərin mənəvi-əxlaqi tərbiyəsi, mədəni həyatda iştirak məsələsidir. Ümummilli Lider Heydər Əliyev həmişə bu məsələyə ciddi önəm verib, bunu bütün dövlət qurumları qarşısında ali vəzifə kimi qoyub. Gənclər siyasətinin, dövlət proqramlarının əsas vəzifəsi Azərbaycan gəncliyini milli-mənəvi dəyərlər ruhunda tərbiyə etmək, onlarda milli irsə sahiblik hissi yaratmaq, gənclərin milli iradəsini möhkəmləndirərək Azərbaycanın gələcək taleyinin həll olunmasında onları aparıcı, avanqard bir hissəyə çevirməkdir. Bilirsiniz ki, cəmiyyətin avanqard hissəsi gənclik, gəncliyin də avanqard hissəsi tələbələrdir. Azərbaycan tələbələrinin ali məktəblərdə vətənpərvərlik ruhunda yetişdirilməsi, onlara milli-mənəvi dəyərlərə sahiblik hissinin aşılanması dövlət proqramının əsas vəzifələrindən biridir".
Ə. Həsənov bildirib ki, gənclərin sağlamlığının təmin olunması da Azərbaycan dövlətinin gənclər siyasətinin əsas istiqamətlərindəndir. O, gənclərin məşğulluğu məsələsi barədə də danışıb: "Azərbaycan əhalisinin 31 faizi, təxminən 3 milyondan çoxu gənclərdir. 31 faizi işlə təmin etmək o qədər asan məsələ deyil. Amma Azərbaycan dövlətinin bütün sahələr üzrə qəbul etdiyi dövlət proqramlarında gənclərin işlə təmin olunması mühüm yer tutur. Düzdür, bu işdə müəyyən çətinliklər, problemlər ola bilər. Məsələn, bir müddət əvvəl qanunvericilik qaydasında müəyyən edildi ki, təqaüd yaşına çatan şəxslər maksimum bir ildən sonra iş yerlərini tərk etsinlər və onların yerlərinə gənclər cəlb olunsunlar. Amma gördünüz ki, buna qarşı cəmiyyətdə nə qədər müqavimət oldu. Yaşlı nəslin nümayəndələri öz mövqelərini belə əsaslandırırlar ki, əsl fəaliyyət 60 yaşdan sonra başlayır. Düzdür, son on ildə Azərbaycanda yeni iş yerlərinin yaradılması prosesi geniş vüsət alıb. Amma bir məsələ də var ki, hər bir Azərbaycan vətəndaşı üçün yüksək təminatlı iş yeri açmaq olduqca mürəkkəb məsələdir. Ona görə də müəyyən iş yerlərində təqaüd yaşına çatmış insanların gənclərlə əvəz olunması siyasətini davam etdirmək lazımdır. Bu sahə üzrə müəyyən problemlər müşahidə olunsa da, düşünürük ki, müvafiq tədbirlər vasitəsilə ciddi irəliləyişə nail olunacaq".
Bütün bunlarla yanaşı, Əli Həsənov gənc ailələrin sosial müdafiəsinin dövlət siyasətinin mühüm istiqaməti olması məsələsinə də toxunub: "Gənclərin qurduğu ailələrin möhkəm, gələcəkdə dayanıqlı olması, onların dağılmasının qarşısının alınması üçün gənc ailələrin sosial müdafiəsinə dəstək verilməsi dövlət siyasətinin əhəmiyyətli və ciddi maliyyə resursu tələb edən istiqamətidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB