Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Musa Quliyevin Səs TV-yə müsahibəsi
- Musa müəllim, Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti, millətimizə göstərdiyi xidmətləri haqqında saatlarla danışmaq olar. Lakin Ulu Öndərin qoyduğu hansı ideyalar idi, hansı konseptual məsələlər idi ki, bu gün onlar xalqı vahid bir ideologiyada birləşdirir?
– Ümumiyyətlə, Azərbaycan xalqının tarixdə böyük övladları çox olub, lakin onların hamısının fövqündə dayanan Ulu Öndər Heydər Əliyevdir. Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidməti müstəqil dövlətin qurulmasıdır. Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı digər, ona bərabər böyük xidməti isə xalqı bu dövlətin, bu müstəqilliyin ətrafında birləşdirən milli ideologiyanı yaratmasıdır, azərbaycançılıq ideologiyasını yaratmasıdır. Həmişə, çıxışlarında, müsahibələrində, böyük tədbirlərdə deyərdi ki, dünyanın hər yerində azərbaycanlılar yaşayır və onlar bilməlidirlər ki, onların bir vətəni var, bu Azərbaycandır. Onların bir paytaxtı var bu Bakı şəhəridir. Onların kölgəsinə yığışacaq bir bayrağı var, bu, müstəqil Azərbaycanın üçrəngli bayrağıdır. Məhz bu iki böyük siyasi xətt - həm Müstəqil Azərbaycan Dövlətinin qurulması, həm milləti, bütövlükdə azərbaycanlı deyilən toplumu bu dövlətin ətrafında birləşdirən milli ideologiyanın yaranması və bu ideologiyanı həyata keçirən, bu siyasəti durmadan reallaşdıran Yeni Azərbaycan Partiyası yaranması dahi şəxsiyyətin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biridir və ən əsasıdır.
- Bu gün Ümummilli Liderin bizə qoyduğu irsdən layiqincə bəhrələnə bilirikmi?
– Təbii ki, bəhrələnirik. Ümummilli Lider həm də xoşbəxt bir dövlət xadimidir, xoşbəxt bir siyasi xadimdir ki, onun özündən sonra qoyduğu siyasi kurs nəinki yaşayır, nəinki qələbə çalır, siyasi kurs inkişaf edir, müasirləşir və Azərbaycanı dünyaya tanıdır, Azərbaycanı dünyanın ən nüfuzlu dövlətlərindən birinə çevirir. Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının nizamnaməsinin əsas müddəalarından biri siyasi varislik prinsipidir və məhz Heydər Əliyevin siyasi varisliyi bu gün uğurla davam etdirilir. Ümummilli liderin siyasi varisi, Azərbaycan xalqının sevimlisi cənab Prezident İlham Əliyev bu siyasəti davam etdirir, modernləşdirir, dünyanın siyasətinə uyğunlaşdırır və Azərbaycanın dünyada uğurlarını, imicini gündən-günə artırır. Bu mənada Ümummilli liderin siyasi irsindən biz kifayət qədər dolğun bəhrələnmişik, bundan sonra da bəhrələnəcəyik. Onu da qeyd edim ki, bizim bugünkü uğurlarımızın hamısı Ümummilli Liderin 90-cı illərdə formalaşdırdığı siyasi strategiyanın davamıdır və onun bəhrəsidir.
- Azərbaycan BMT-də Ukraynanın Rusiyaya birləşdirilməsinin əleyhinə səs verən ölkələrdən biri olub. Bu gün Ukraynadakı vəziyyəti görürsünüz. Həm xaricdəki, həm Azərbaycandakı bəzi şəxslər, qurumlar belə bir iddia irəli sürürlər ki, Ukraynadan sonra növbə Azərbaycanındır, Rusiya Azərbaycana ordu yeridə bilər, Qarabağı zəbt edə bilər. Bu məsələnin ciddiliyinə necə inanaq?
– Bu məsələləri mən ciddi saymıram, o siyasətçiləri də mən ciddi siyasətçi hesab etmirəm. Bu tamamilə başqa-başqa məsələlərdir. Azərbaycanın özünün müstəqil siyasəti var. Azərbaycan öz siyasi xəttini elə götürüb ki, bütün dövlətlərlə balanslaşdırılmış, ikitərəfli və çoxtərəfli münasibətlər əsasında, dostluq, əməkdaşlıq və bərabər hüquqlu tərəfdaşlıq siyasəti əsasında öz münasibətlərini qurub və bu gün Azərbaycanın nə Rusiyadan, nə də bir başqa dövlətdən bir təhdidedici qorxusu yoxdur. Amma Rusiyanın özündə də müəyyən şovinist və millətçi qüvvələrin baş qaldırması, getdikcə aktivləşdirilməsi təkcə Rusiya ətrafındakı dövlətləri deyil, Rusiyanın özünü də narahat edir. Ona görə də ola bilsin ki, bunu qiymətləndirən siyasətçilər özlərində belə bir proqnoz irəli sürürlər ki, Ukraynadan sonra Azərbaycanın və yaxud başqa keçmiş SSRİ-yə daxil olan respublikaların Rusiya tərəfindən problemləri yarana bilər. Mən şəxsən belə bir problemi görmürəm və Azərbaycanın Rusiya ilə münasibətləri kifayət qədər yüksək səviyyədədir və doğru müstəvidə olan münasibətlərdir. O ki qaldı Qarabağ məsələsini həllinə, Qarabağ bizim çox ağrılı məsələmizdir. Bu həm də təkcə Rusiyadan asılı olan məslə deyil.
- Keçən illə müqayisədə bu il Azərbaycanda yoxsulluğun, inflyasiyanın səviyyəsi ümumiyyətlə sosial proqramların həyata keçirilməsində nə kimi fərq var?
– Ümumiyyətlə, son 10 illik dövrü biz götürsək Azərbaycanda istər yoxsulluq, istər məşğulluq səviyyəsində dəyişikliyin baş verməsi, istər həyat səviyyəsini yüksəlməsi, istər orta əmək haqqının, orta təqaüdlərin məbləğinin yüksəlməsi, bu istiqamətdə çox ciddi dəyişikliklər gedib, faizlə yox, dəfələrlə dəyişiklik gedib. Və ötən illə bu ili müqayisə edəndə - bu il hələ təzə başlayıb, bunu hələ konkret demək olmaz, amma ilkin - birinci rübün göstəriciləri bizi deməyə əsas verir ki, istər əmək haqqının artımında, istər inflyasiya fərqində, istər məşğulluq və yoxsulluq məsələlərində irəliləyişlər var və Azərbaycan artıq sabit inkişaf yoluna qədəm qoyub. Yəni davamlı və sabit inkişaf yoluna qədəm qoyub. Son 10 il ərzində yoxsulluq 49 %-dən 5 %-ə düşüb, məşğulluq artıb, təxminən 5.5 % işsiz var və 10 dəfədən çox orta aylıq əmək haqqı artıb, 14 dəfədən çox orta aylıq təqaüd artıb, bir milyon 200 min yeni iş yerləri yaranıb ki, onların bir milyona qədəri daimi iş yerləridir. Bütün bunlar onu göstərir ki, Azərbaycanın iqtisadiyyatı davamlı inkişaf xətti üzərində qurulub və ən əsası cənab Prezidentin qarşıya qoyduğu neft kapitalını insan kapitalına çevirək, neft sektorundan gələn gəlirləri investisiya olaraq qeyri-neft sektoruna qoyaq və Azərbaycan iqtisadiyyatını şaxələnmiş bir iqtisadiyyata çevirək tezisi artıq reallaşıb. Bu gün bu siyasət özünü doğruldur və artıq Azərbaycanın ümummilli gəlirinin içərisində qeyri-neft sektorunun payı ildən-ilə artır. Bu onu göstərir ki, Azərbaycan neftdən asılı bir ölkə deyil və öz siyasətini tarazlaşdırılmış, balanslaşdırılmış və şaxələndirilən bir iqtisadi model üzərində qurmuş bir dövlətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB