"Ulu öndər əvəzolunmaz şəxsiyyət kimi tarixə qızıl hərflərlə yazılıb"

"Ulu öndər əvəzolunmaz şəxsiyyət kimi tarixə qızıl hərflərlə yazılıb"

"1993-cü ildə dahi şəxsiyyət Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycan adlı dövlətdən danışmaq qeyri-mümkün idi. Odur ki, müstəqil Azərbaycan Ulu öndərin şah əsəridir". SİA-nın xəbərinə görə, bu fikirləri millət vəkili Tahir Süleymanov deyib.

Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Ölkənin gələcəyini düşünən lider gördüyü işlərlə, ideyaları ilə hər zaman xalqın böyük məhəbbətini qazanır, əvəzolunmaz şəxsiyyət kimi tarixə qızıl hərflərlə yazılır. Ulu öndər Heydər Əliyevin Naxçıvanda yaşadığı illərə nəzər saldıqda görünür ki, bu gün fəxrlə qeyd etdiyimiz yeniliklərin, islahatların təməli məhz o çətin illərdə qoyulub. Onun Naxçıvanda gördüyü işlər, həyata keçirdiyi islahatlar xüsusi əhəmiyyət kəsb edirdi. Azərbaycanın gələcəyi naminə müəyyənləşdirilən perspektivlərin reallaşması isə 1993-cü ildən, Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu".

Millət vəkili onu da qeyd edib ki, Azərbaycan xalqının ən mühüm arzularından biri azad, müstəqil yaşamaq, öz təbii sərvətlərinin əsl sahibinə çevrilmək idi: "Ümummilli lider xalqın tələbinə, dövlət müstəqilliyinin qorunub saxlanmasına biganə qalmayaraq 1993-cü ilin iyun ayında Bakıya gəldi. İyunun 15-də onun respublika rəhbəri seçilməsi ilə müstəqil dövlətçilik tarixinin ikinci dövrü başlandı. Uğurlu daxili siyasət nəticəsində ölkədə sabitlik yaradıldı. Bu gün daha çox səsləndirilən fikirlərdən biri Azərbaycana marağın artması, dostlarının sayının çoxalmasıdır. Ölkəmiz hər zaman yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə dünyanın diqqət və marağında olub. Lakin bu diqqət zaman keçdikcə, Azərbaycan Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət nəticəsində uğurla inkişaf etdikcə daha da artamağa başlayıb. Müstəqilliyimizin ilk illərinə diqqət yetirdikdə bu fərqi daha aydın görmək olur".

Bütün xəbərlər Facebook səhifəmizdə