Rövşən Rzayev: “Xalq diplomatiyası adı altında müxtəlif qrantların yeyilməsi yolverilməzdir”

"Dövlətin xüsusi nəzarəti və yanaşması olmadan kimsə xalq diplomatiyası ilə bağlı heç bir addım atmamalıdır”
Rövşən Rzayev: “Xalq diplomatiyası adı altında müxtəlif qrantların yeyilməsi yolverilməzdir”

"Xalq diplomatiyası vacib məsələdir və Dağlıq Qarabağın Azərbaycanlı İcması Dağlıq Qarabağın erməni icması ilə görüşlərə nail olmaq istəyir". SİA-nın məlumatına görə, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayev Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının "Şuşaya Azadlıq" kampaniyası çərçivəsində hazırlanan "Şuşaya Azadlıq 22 dildə" video çarxının təqdimat mərasimində deyib.

R.Rzayev vurğulayıb ki, dünya ictimaiyyəti və Dağlıq Qarabağ erməniləri başa düşməlidirlər ki, Dağlıq Qarabağdakı hazırkı rejim sadəcə, bir icmadır: "Bu heç də dövlət və ya bir qurum deyil. Dağlıq Qarabağın erməni icmasının sədri ilə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri bir araya gəlməlidir. Bizim heç bir şübhəmiz yoxdur ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq və hər iki icma Azərbaycanın tərkibində, Dağlıq Qarabağda yaşayacaq. Bu icmalar öz aralarında ünsiyyət forması tapa bilsələr, bəlkə də böyük sülh müqaviləsinə öz töhfələrini verə bilərlər. Bu istiqamətdə biz bu gün də işimizi davam etdiririk. İnanıram ki, qarşı tərəfdən də belə insanlar tapılacaq".

Millət vəkili təəssüflə qeyd edib ki, hərçənd, indiki rəhbərliyin konstruktiv mövqeyə gəlməsi çətin məsələdir: "Ona görə ki, onlar bu işğalın birbaşa iştirakçısıdırlar, cinayətkardırlar və vaxt gələcək onlar Azərbaycan qanunları ilə məsuliyyətə cəlb ediləcəklər".

R.Rzayev qeyd edib ki, xalq diplomatiyası istiqaməti Azərbaycan üçün çox önəmli olsa da bu sahədə özfəaliyyətçilik yolverilməzdir və dövlətimizə böyük ziyan vura bilər: "Dövlətin xüsusi nəzarəti və yanaşması olmadan kimsə xalq diplomatiyası ilə bağlı heç bir addım atmamalıdır. Məsələn, Leyla Yunus və başqalarının özfəaliyyəti, onların bilmədən qarşı tərəfin xüsusi xidmət orqanlarının əməkdaşları ilə işləməsi, xalq diplomatiyası adı altında müxtəlif qrantların yeyilməsi yolverilməzdir. Bu işlərlə gündəlik məşğul olan kimi bilirəm ki, bu vəsaitlər hansı mənbədən əldə olunur. Bu kimi hallar işimizə, Azərbaycanın siyasətinə, onun ən böyük probleminin həllinə maneçilik törədir".

Bütün xəbərlər Facebook səhifəmizdə