Əli Həsənov: " Torpaqlarımızı düşməndən Prezident İlham Əliyev azad edəcək"

Əli Həsənov: " Torpaqlarımızı düşməndən Prezident İlham Əliyev azad edəcək"

"1959-cu ildə bu ərazi Füzuli rayonu olaraq tanınıb. Füzuli ərazisi qədim yaşayış məskənidir. Füzulidə bizim çox tarixi abidələrimiz qalıb". SİA-nın məlumatına görə, bunu bu gün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə "Böyük qələbəyə inamla" sənədli filiminin təqdimat mərasimində çıxışı zamanı Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

Baş nazir müavinin sözlərinə görə, bu torpaq çox bərəkətli torpaqdır: "Ümumiyyətlə Füzuli rayonu elm, yaradıcılıq, incəsənət və s. sahələrdə ölkəmizə savadlı kadrlar bəxş edib. Horadiz məsələsinə gəldikdə isə deyə bilərəm ki, bura mənim üçün çox doğma bir yer idi. Mənim uşaqlığım burada keçib. Horadiz oktyabrın 25-də işğal olunub. Niyə görə ermənilər məhz Horadizi işğal etmək istəyib? Çünki Horadizdə regional Neft bazası, regional pambıq təmizləmə bazası mövcud idi. Ən əsası isə buradan rahat İrana çıxış yolu var idi. Horadiz strateji bir ərazi idi. Buna görə də Ulu öndər Heydər Əliyev məhz Horadizin azad olunması üçün göstəriş verib. Ermənilərin verdikləri itki bizdən 3 dəfə çox olub. Horadiz Ermənistan prezidenti Serj Sarkisyanın göstərişi ilə zəbt olunub".

Əli Həsənov deyib ki, bu gün dünyada ədalətsizliklər hökm sürür: "Məhz buna görə ölkə Prezidenti düzgün yol seçib. Belə ki, ölkəmizin iqtisadiyyatı, ordusu gücləndirilir ki, Ermənistan öz çirkin niyyətindən əl çəksin. Bu gün bütün dünya Azərbaycandakı inkişafı görmək üçün ölkəmizə gəlib-gedir. Amma konkret məsələyə gəldikdə, onlar məlum ünvana söz deyə bilmirlər. Azərbaycan Prezidenti müstəqil siyasəti hər şeydən üstün tutur. Buna görə, yol bir yoldur. Heç kimdən heç nə gözləməyə dəyməz. Torpaqlarımızı düşməndən Prezident İlham Əliyev azad edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə