DQB Milli Şuraya alternativ ola bilər

Əli Orucov: “Milli Şura siyasi arenada hər hansı fəaliyyəti ilə yadda qalmadı”
DQB Milli Şuraya alternativ ola bilər

"Hər bir siyasi partiyanın özünün müstəqil qərar vermək səlahiyyətləri var. Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) da öz səlahiyyətindən istifadə edərək Milli Şuradan istefa verib". Bu fikirləri SİA-ya Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Orucov KXCP-nin Milli Şuradan istefasına münasibətini açıqlayarkən deyib.

AMİP rəsmisi qeyd edib ki, Milli Şura öz fəaliyyətini düzgün qura bilmədiyinə görə siyasi arenada ciddi qurum hesab olunmur: "Ümumiyyətlə, Milli Şuranın dövrü çoxdan bitib. Bu qurum siyasi arenada hər hansı bir fəaliyyəti ilə yadda qala bilmədi".

KXCP ilə AMİP-in əməkdaşlıq edib etməməsi məsələsinə toxunan Əli Orucov qeyd edib ki, hər iki partiya Demokratik Qüvvələr Birliyinin (DQB) tərkibində birgə əməkdaşlıq edir: "Son zamanlar müəyyən səbəblərdən DQB-nin fəaliyyəti siyasi düşərgədə o qədər də nəzərə çarpmırdı. Bu səbəblərdən biri də burada təmsil olunan qurumların bəzilərinin eyni zamanda Milli Şurada təmsil olunmasıdır. Bu baxımdan, onlar öz mövqelərini dəqiqləşdirməliydilər. Ona görə müəyyən zamana ehtiyac var idi. Göründüyü kimi artıq KXCP öz mövqeyini netləşdirdi. Düşünürəm ki, bundan sonra bu qurumun gücləndirilməsi istiqamətində işlər aparılacaq".

Qeyd edək ki, Milli Şuranın sonuncu sessiyasında KXCP sədri Mirmahmud Mirəlioğlu Cəmil Həsənlinin və AXCP sədri Əli Kərimlinin quruma öz adamlarını gətirmək istəklərinə etiraz əlaməti olaraq oradan istefa verib.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə