Zahid Oruc: “Beynəlxalq şərait Minsk Qrupundakı əməkdaşlıq mühitini zədələyir” MÜSAHİBƏ

“Biz Dağlıq Qarabağ münaqişəsini tənzimləmək üçün ATƏT-in Minsk Qrupunu yaradılmasına razı olmuşuq. Ancaq, Azərbaycan və Ermənistan birləşib onlar arasındakı problemi həll etməlidir ki, bəlkə bizə bir gün ağlandı”
Zahid Oruc: “Beynəlxalq şərait Minsk Qrupundakı əməkdaşlıq mühitini zədələyir” MÜSAHİBƏ

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Zahid Orucun SİA-ya müsahibəsi:

- Zahid müəllim, Leyla Yunusun Fransa səfirliyinin əməkdaşları tərəfindən ölkədən çıxarılmağa cəhd edilməsi məsələsi Azərbaycan ictimaiyyətini çox ciddi narahat edən bir məsələ oldu. Hətta bu hərəkət ölkənin daxili işlərinə qarışmaq kimi də qiymətləndirildi. Sizin bu barədə fikirləriniz nədən ibarətdir? Leyla Yunus həqiqətən toxunulmaz şəxsdir ki, onun ölkədən çıxarılması istiqamətində Fransa səfirliyi belə canfəşanlıq edirdi?

- İlk növbədə diqqət ona çəkilməlidir ki, Leyla Yunus heç bir diplomatik toxunulmazlıq imunutetinə malik deyil. Bu şəxsin xüsusi olaraq, əlahiddə bir formada iki saat ərzində beş illik viza ilə təmin olunması məsələsinə də xüsusi bir kəskin etirazımızı bildirmirik. Ən önəmlisi isə onun bu himayəsinin Azərbaycan hüquq-mühafizə orqanlarının məlum araşdırmaları başlayandan sonra dərinləşdirilməsi və onun qeyd olunan formada ölkədən çıxarılmasına çalışmalarıdır. Hesab edirəm ki, belə insanları Fransa və Qərbin digər ölkələrində Azərbaycan əleyhinə emissar kimi əllərində saxlayacaqdılar. Şübhə etmirəm ki, həmin beş illik viza sonrakı dövrlər artırılacaqdı və dövlətimizə qarşı xaricdən azərbaycanlı olan yeni şəxslər tərəfindən ittihamların miqyası genişlənəcəkdi. Sual olunur bu kimə lazımdır? Nə üçün dövlətlərarası mühüm əməkdaşlıqlardan danışıldığı halda, buna paralel şəkildə təzyiq alətləri əldə saxlanılır? Niyə ölkənin iç işlərində iştirak edərək az qalsın xüsusi bir formada müxtəlif insanları toxunulmaz elan edirlər? Fransadakı Azərbaycan səfirliyi vasitəsi ilə hər hansı fransıza qarşı eyni himayəni göstərsək, onlar bunu qəbul edəcəklərmi? Bu nə qədər mühüm beynəlxalq konvensiyaların tələblərinə uyğun olacaq? Ona görə də Fransa prezidenti Fransua Ollandın ölkəmizə gözlənilən səfərini əldə əsas götürərək bu məsələlər də onun diqqətinə çatdırılmalıdır. Hesab edirəm ki, belə hadisələrə yumşaqlıq və güzəşt mövqeyi tutaraq belə anti-Azərbaycan dairələrin fəaliyyətinə daha geniş müstəvi tanımamalıyıq.

Leyla Yunusun indiyə qədər ki fəaliyyəti ilə bağlı nə qədər ictimai-siyasi etirazlar olubsa da kimsə onun milli etnik mənşəyini, nə də başqa bir fəaliyyətini hüquq-mühafizə orqanlarının araşdırması səviyyəsində görməyib. İndi isə faktlar mövcuddur. Heç kim onun əldə etdiyi böyük mal, mülk və imkanların hesabını sormur. Ancaq, bu gün Ermənistanla əlaqələr fonunda müxtəlif kəşfiyyat və məxfi xidmət orqanlarının əməliyyat məlumatları ortadadır. Bunları təkzib etmək mümkün olmayacaq. Ona görə də həmin qurumların üzərinə daxili və beynəlxalq təzyiq qazandırmaq üçün ələ ayağa düşməyə ehtiyac yoxdur.

Leyla Yunusun şəxsi kimliyi bəllidir. Əminəm ki, o, əməllərinə görə cavab verəcək.

- ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Twitter" sosial şəbəkəsində ABŞ və özünün Dağlıq Qarabağ münaqişəsini diqqətdən kənar saxlamadığına dair rəy formalaşdırmağa çalışır. Bu da Azərbaycan ictimaiyyətində C.Uorlikin münaqişəni "Twitter"də həll etmək istəməsi təəssüratı yaratdı. Sizin bu məsələ ilə bağlı nə deyərdiniz?

- Dağlıq Qarabağ məsələsinin üstündə çoxlu beynəlxalq təmsilçilər özlərinə diplomatik rütbə, karyera qazanıblar. Ancaq onların çoxlarını Azərbaycan cəmiyyəti unudub. Lakin həmin şəxslər hazırda öz ölkələrinin həyatında müxtəlif formalarda iştirak etməkdədirlər. Hesab edirəm ki, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi ilə bağlı ATƏT-in Minsk Qrupuna təyin etdiyi ən zəif və uğursuz namizədi Ceyms Uorlikdir. Sözügedən şəxs prosesi yalnız sosial şəbəkələrin prizmasından görür. Zənn edir ki, Azərbaycan Ermənistanla müharibəni yalnız kompüter və internet aləmində aparır. Bəlkə də onun Azərbaycan əraziləri barədə geniş təsəvvürü belə yoxdur. Ona görə də prosesləri sosial şəbəkə vasitəsi ilə tənzimləməyə çalışır. Dağlıq Qarabağ kimi çox ağır bir münaqişə sosial şəbəkədə həll olunmaz. Hesab edirəm ki, onun Dağlıq Qarabağ tərəfini və ermənilərin nümayəndələrini dövlət təmsilçiləri kimi qiymətləndirməsi qarşı tərəfin arqumentlərinə əlavə ton verir, gücləndirir. Bundan əvvəl də fərqli dairələr də çalışırdılar ki, Ermənistanı prosesdən kənarlaşdırıb, bizi Qarabağ erməniləri ilə üz-üzə qoysunlar. Yəni, bir masa ətrafında əyləşdirsinlər.

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov və Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun Ceyms Uorlikin bəyanatlarına kəskin etirazları tamamilə yerindədir. Hesab edirəm ki, bu məsələyə daha dərindən yanaşmağı bacarmalıyıq.

Azərbaycan çalışmalıdır ki, beynəlxalq vasitəçilərin ölkəmizdəki nümayəndələri ən azından həmin ölkələrin xarici işlər nazirinin müavini səlahiyyətlərini əldə edən şəxslər olsun. Nə zaman görmüşük ki, həmsədrlər öz prezidentlərinə heç olmasa ildə bir dəfə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat versinlər? Əsla, belə bir hal olmayıb. Ceyms Uorlik ABŞ prezidenti Barak Obamanı bizim kimi yalnız ekrandan izləyir.

Ceym Uorlikin mandatından məhrum edilməsi və onun arzuedilməz şəxs kimi geri çağırılması üçün Azərbaycanın əlində tutarlı əsaslar var. Millət vəkili kimi təklif edirəm ki, biz diplomatik vasitələrlə buna çalışmalıyıq. Qəti şəkildə bu ABŞ-la münasibətlərimizə təsir etməyəcək. Bunun üçün bizim onun indiyə qədər ki, məlum mesaj və açıqlamalarını, eləcə də ABŞ-ın məlum mövqeyi ilə uzlaşmayan davranışlarını ortaya qoymamız yetərlidir.

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bir neçə gün öncə açıqlamasında bildirib: "Ukrayna hadisələri fonunda daha dərindən dərk etməyə başlamışıq ki, Dağlıq Qarabağ münaqişəsi tez bir zamanda həll edilməlidir və ABŞ buna çalışacaq. Biz heç bir xalqın faciəsini arzulamırıq və istəmirik ki, Rusiya-Ukrayna müharibəsi daha da geniş miqyaslı müstəviyə çatsın". Bu açıqlamadan belə qənaətə gəlinir ki, ABŞ və digər Avropa dövlətlərinin bu məsələni anlaması üçün 20 il vaxt və həmin savaşın baş verməsi lazım imiş. Məgər bu qədər vaxt və məlum savaş baş verməli idi ki, bunlar onun işığında bizim əleyhimizə bu prosesi nə qədər apardıqlarını və Dağlıq Qarabağ münaqişəsindən faydalandıqlarını görsünlər? Hesab edirəm ki, bundan sonrakı dönəmdə Dağlıq Qarabağ məsələsində son dərəcə yanlış davranışlar seçən, sonradan da onu sülh danışıqlarında ifadə edən şəxsin geri çağırılması üçün addımlar atılmalıdır.

- Məlumdur ki, ATƏT Minsk Qrupunda təmsil olunan üç həmsədr ölkənin münasibətləri Ukrayna məsələsinə görə korlanıb. Belə olan halda Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi istiqamətindəki "səy"ləri nə dərəcədə effektiv olacaq?

- Beynəlxalq aləmdəki gərgin şərait və Ukrayna ətrafındakı böhran ATƏT-in Minsk Qrupunun da varlığını, statusunu, oradakı əməkdaşlıq mühitini zədələyir. Hətta onların fəaliyyətini tamamilə sual altında qoyur. Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bəyan etdi ki, hələlik belə bir konfrantasiya vasitəçilik missiyasının tərkibində hiss olunmur. Yəni, bu qurumun fəaliyyətinə xitam verilməsi üçün açıq davakarlıq yoxdur. Ona görə də onlar bunlarla barışmaq və bu fəaliyyət üçün bizə müəyyən olunmuş etimad votumunu verməlidirlər.

Biz Dağlıq Qarabağ münaqişəsini tənzimləmək üçün ATƏT-in Minsk Qrupunu yaradılmasına razı olmuşuq. Ancaq, Azərbaycan və Ermənistan birləşib onların arasındakı problemi həll etməlidir ki, bəlkə bizə bir gün ağlandı. Hesab edirəm ki, Rusiya ilə ABŞ-a Minsk Qrupu kimi qurum lazımdır ki, onlar arasındakı beynəlxalq kontraprantasiyanı yoluna qoysun. Beynəlxalq münaqişələr bir-biri ilə bağlıdır. Bizdə bu prosesləri sürəkli olaraq izləməkdəyik. Azərbaycan dövləti görəndə ki, həqiqətən də bu gün münaqişənin tənzimlənməsinə Minsk Qrupundakı münasibətlər zərbə vurur. Bu anda lazımı addımlar atmalı və qurumdan imtina etməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə