Yadigar Məmmədli: “Bu, “Freedom House”a yanlış informasiya ötürənlərə başucalığı gətirmir” MÜNASİBƏT
"Biz, istər xarici dövlət qurumlarının illik hesabatlarında, istərsə də beynəlxalq təşkilatların hesabatlarında jurnalistika, insan haqları, vətəndaş cəmiyyəti quruculuğu və digər istiqamətlərdə ikili standartların, qərəzli baxışların mövcudluğuna demək olar ki, alışmışıq. Düzdür, bizim bir sıra millət vəkillərimiz, siyasi ekpertlərimiz də bildiriblər ki, belə hesabatlara əhəmiyyət verilməsin. Ancaq bütün bunlarla yanaşı, daha diqqətli olmaq lazımdır". Bu fikirləri SİA-ya açıqlamasında Demokratik Jurnalistlər Liqasının (DJL) sədri Yadigar Məmmədli "Freedom House" təşkilatının ölkəmizdə medianın azad olmamasına dair verdiyi hesabatına münasibətini açıqlayarkən deyib.
Onun fikrincə, həmin təşkilatlara izah etmək lazımdır ki, bu cür sərgilənən münasibətlər özündə heç bir reallığı əks etdirmir: "Azərbaycanda bir sıra təşkilatlar var ki, onlar belə hesabatların hazırlanması üçün xarici təşkilatlara qeyri-dəqiq informasiyalar ötürürlər. Hesabatlar yayıldıqda isə bu təşkilatlar bəlkə də sevinirlər. Ancaq bu, ölkəmizdə fəaliyyət göstərən bütün təşkilatlara şamil oluna bilməz. Çünki normal təfəkkürlə fəaliyyət göstərən Azərbaycan mediası, vətəndaş cəmiyyəti bu kimi qərəzli hesabatları birmənalı olaraq qarşılamır, bu qədər reallığın qarşısında həmin hesabatları qərəz kimi qəbul edir. "Freedom House" kimi təşkilatlara yanlış informasiya ötürənlər də anlamalıdırlar ki, belə addımlar onlara heç də başucalığı gətirmir".
Müəyyən problemlərin olduğunu, lakin onların da zaman-zaman həll edildiyini qeyd edən Yadigar Məmmədli onu da qeyd etdi ki, ölkə rəhbərliyi həmin problemlərin həll olunmasında hər kəsdən daha çox maraqlıdır və bu istiqamətdə önəmli addımlar atılır: "Cənab Prezident İlham Əliyev də dəfələrlə öz çıxışlarında vurğulayıb ki, həmin problemlər həll olunur. Çünki bizdə inkişaf gedir və bu inkişaf prosesi özündə bütün parametrləri – medianı, vətəndaş cəmiyyətini və s. əhatə edir. Ancaq hər hansı bir kiçik hadisəni kontekstdən götürərək səciyyəvi hal kimi təqdim etmək, məncə doğru addım deyil. Ona görə də belə düşüncəli hesabatları qətiyyən rədd etmək, iqnor etmək vacibdir".
DJL sədri son olaraq qeyd etdi ki, hansı təşkilat olmasına və nə cür hesabat yaymasına baxmayaraq, onları Azərbaycana dəvət edərək, həqiqətləri göstərmək lazımdır: "Həmin beynəlxalq təşkilatlar da məhz real gördükləri nə varsa, ona rəğmən hesabat hazırlamalıdırlar. Bununla onlar ötürülən qeyri-dəqiq informasiyaların da qarşısı alınmış olar".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB