Elmar Məmmədyarov xarici işlər nazirinin müavinini qəbul edib FOTO

Elmar Məmmədyarov xarici işlər nazirinin müavinini qəbul edib FOTO

Bu gün nazir Elmar Məmmədyarov Səudiyyə Ərəbistanının xarici işlər nazirinin müavini Yusif bin Tarrad Əl-Sədanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. XİN-dən SİA-ya verilən məlumata görə, nazir Elmar Məmmədyarov Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı arasında əlaqələrin mövcud səviyyəsinin məmnunluq doğurduğunu ifadə edərək, iqtisadi, ticarət və sərmayələr sahəsində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində səylərin daha da artırılmasının vacibliyini qeyd edib.

Yusif bin Tarrad Əl-Səda Səudiyyə Ərəbistanının təşəbbüsü ilə mayın ayında Ər-Riyadda keçiriləcək Ərəb Dövlətləri Liqası-Mərkəzi Asiya-Azərbaycan forumunun çoxtərəfli və ikitərəfli əsasda ölkələrimiz arasında əlaqələrin inkişafına əlavə təkan verəcəyini qeyd edib.

Nazir Elmar Məmmədyarov İqtisadiyyat və Sənaye Nazirliyinin də nümayəndəsi daxil olmaqla, rəhbərlik edəcəyi nümayəndə heyətinin Ərəb Dövlətləri Liqası-Mərkəzi Asiya-Azərbaycan forumunda iştirak edəcəyini vurğulayıb.

Görüş əsnasında iki ölkə arasında müqavilə-hüquq bazasının möhkəmləndirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə