II Qlobal Açıq Cəmiyyətlər Forumu ilə bağlı mətbuat konfransı təşkil edildi

II Qlobal Açıq Cəmiyyətlər Forumu ilə bağlı mətbuat konfransı təşkil edildi

Bu gün Azərbaycanın Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunun yekunları ilə bağlı mətbuat konfransı təşkil edilib. SİA-nın məlumatına görə, Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa bildirib ki, forumun bu cür yüksək səviyyədə təşkili Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi sayəsində mümkün olub: "Biz 7 il ərzində Açıq Cəmiyyətlər Forumunu həyata keçirik. Amma 2 ildir ki, Azərbaycan tərəfi ilə əməkdaşlıq edirik. Biz Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təsis olunmasında iştirak etmişik. Ötən illərdə keçirilən tədbirlərlə müqayisədə bu ilki tədbirdə daha çox nailiyyətlər əldə olundu. II Qlobal Müştərək Cəmiyyətlər Forumunda idarə heyətləri çox fəal iştirak etdilər. Forum çərçivəsində həllini tapmayan problemlər üzə çıxdı. Bunlardan bir hissəsi də "dondurulmuş münaqişələr"dir. Məsələn, Dağlıq Qarabağ, Dnestryanı münaqişələr, o cümlədən Ukraynada baş verənləri buna şamil etmək olar. Hesab edirəm ki, bizim gələcəklə bağlı problemlərimiz araşdırılmalıdır".

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü Nazim İbrahimov isə diqqətə çatdırıb ki, II Qlobal Müştərək Cəmiyyətlər Forumu Azərbaycan mediasında geniş şəkildə işıqlandırıldı: "Bu bizim 2-ci Forum idi. 22 illik müstəqillik tarixi olan dövlətimiz üçün bu kimi forumların keçirilməsinin böyük əhəmiyyəti var. Bakı qlobal məsələlərin həll olunduğu bir mərkəzə çevrilib. Azərbaycan hər il bu cür forumlara ev sahibliyi etməyə hazırdır. Hətta biz düşünürük ki, bu ilin oktyabr ayında Gəncədə Nizami irsinin öyrənilməsinə həsr olunan beynəlxalq konfrans təşkil edək".

Sonda isə İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin bildirib ki, bu ilin oktyabr ayında Gəncədə Nizami irsinin öyrənilməsinə həsr olunan beynəlxalq konfransa Qərbdən və Şərqdən olan alimləri dəvət edəcəyik. Azərbaycan xalqı çox müdrik bir xalqdır. Bu dövlət öz irsinə arxalanaraq, daim öz gələcəyini düşünür".

Sonda jurnalistləri maraqlandıran suallara aydınlıq gətirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə