II Qlobal Müştərək Cəmiyyətlər Forumu öz işini davam etdirir

II Qlobal Müştərək Cəmiyyətlər Forumu öz işini davam etdirir

Bu gün Bakıda II Qlobal Müştərək Cəmiyyətlər Forumu artıq ikinci gündür ki, öz işini davam etdirir. SİA-nın məlumatına görə, II Qlobal Müştərək Cəmiyyətlər Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Madrid Klubu və Roma Klubunun təşkilatçılığı, Dünya Elm və Mədəniyyət Akademiyası, BMT, İsgəndəriyyə Kitabxanası və digər təşkilatların birgə əməkdaşlığı çərçivəsində keçirilir.

Nüfuzlu ictimai, siyasi xadimlərin, elm adamlarının qatıldığı Forumda 45 ölkənin sabiq rəhbəri iştirak edir. Forumda əsasən açıq cəmiyyətlərin əhatə əsasları, iqtisadi dayaqları, mürəkkəb situasiyalarda münaqişələrin həlli, davamlı inkişaf prosesinin təmin edilməsində idarəetmə kimi mühüm məsələlər müzakirə olunur.

"Davamlı inkişaf prosesinin təmin edilməsi üçün yüksək səviyyəli idarəetmə və institusional çərçivəyə olan ehtiyac" mövzusunda davam edən 4-cü sessiya bildirilib ki, beynəlxalq, milli və yerli səviyyələrdə davamlı inkişaf məqsədlərinin yeni formasının həyata keçirilməsinin siyasi əssslarını müzakirə etmək mühüm məsələdir. Yaxşı dövlət idarəçiliyi, qanunçuluq və demokratiya inkişaf təklifləri arasında əlaqələri təkmilləşdirmək vacib amildir. İşi irəli aparmaq üçün əsas diqqət iradənin və liderlik qabiliyyətinin əhəmiyyətinə yönəlməlidir.

Sessiyanın moderatoru qismində Madrid Klubunun Qlobal və Strateji məsələlər üzrə baş analitiki Luis Peral çıxış edib.

Məruzçilər isə Gürcüstanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Mixeil Saakaşvili, Yəmənin sabiq baş naziri Abdul-kareem Al-Eryani, Xorvatiyanın sabiq prezidenti Stjepan Mesic, Qlobal Etika Təşkilatının Walter Fust prezidenti Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov olub.

PA rəsmisi Novruz Məmmədov bildirib ki, artıq biz 25 ildir ki, müharibə şəraitində yaşayan millətik: "Biz burada beynəlxalq aləmdə, siyasətdə çox böyük rol oynayan siyasətçilərlə yığışmışıq. Gəlin sizə belə bir sual verək. Əgər bu 3 Qafqaz Respublikası mütəqillik qazanan gündən birlikdə bir istiqamətdə inkişaf yolu seçsəydi, səylərini birləşdirsəydi nəticə necə ola bilərdi? Çox təəssüf ki, həmin dövrdən Avropa və Qərb dövlətləri də bu istiqamətdə heç səy göstərmədilər. Münaqişə var, elə olduğu kimi qalır, bu günə qədər də həll olunmayıb. Azərbaycan üçün böyük problemlər yaradıb. Amma buna baxmayaraq, Azərbaycan çox böyük inkişaf yolu seçib, bu da göz qabağındadır. Bizim Avropanın bütün ölkələri ilə ikitərəfli əməkdaşlığımız mövcuddur".

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə keçirilən Forumda 54 ölkədən 150-dən artıq nüfuzlu ictimai-siyasi xadim, rəsmi şəxs, ekspert və elm adamı iştirak edir. Foruma bu gün mətbuat konfransı ilə yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə