Elşən Musayev: “Hüquq-mühafizə orqanları yalnız Mirqədirovun həbsi ilə kifayətlənməməlidir” MÖVQE

Elşən Musayev: “Hüquq-mühafizə orqanları yalnız Mirqədirovun həbsi ilə kifayətlənməməlidir” MÖVQE

"Rauf Mirqədirovun həbsi cəmiyyətdə kifayət qədər rezonans yaratdı. Əslində, bu təbiidir, çünki onun həbsi ilə bağlı fikirlər həssas mövzudur. Bunu nə siyasi, nə də jurnalistika məsələsinə aid etmək olmaz". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Demokratik Maarifçilik Partiyasının (ADMP) sədri Elşən Musayev Rauf Mirqədirovun həbsi ilə bağlı Milli Şura sədri Cəmi Həsənlinin müdafiəçi rolunda çıxış etməsinə münasibəti bildirərkən dedi.

Onun sözlərinə görə, Mirqədirovun həbsi daim Azərbaycan dövlətinə və hakimiyyətinə qarşı çıxan radikal müxalifət tərəfindən başqa cür ajiotajla qarşılanıb: "Bunlar düşünürlər ki, Rauf Mirqədirovu müdafiə etmək lazımdır. Hansı ki, Rauf Mirqədirovun özü, qohumları, tanış-bilişləri qalıblar bir yanda, bunlar özlərinə əl qatıblar. Nəinki bunlar, məsələn ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstarın bu yaxınlarda açıqlaması oldu ki, "biz bu məsələdən narahatıq" və s. Hətta mən bu yaxınlardakı açıqlamamda xatırlatmışdım ki, bu qədər qaçqınımızın taleyi qalıb bir qıraqda, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamələr qalıb kənarda, ancaq ABŞ səfiri bir jurnalistin taleyindən "narahatlıq keçirdiyini" bəyan edir".

ADMP sədri həmçinin qeyd etdi ki, əslində, müxalifətin belə məsələlərdəki mövqeləri daim anlaşılmaz qalıb: "Bü gün sözügedən məsələlərdə ümumiyyətlə, müxalifətin sərgilədiyi mövqeyini anlamaq mümkün deyil. Burada Leyla Yunus var ki, onun da AXCP sədri Əli Kərimlinin kurasiyasında olduğunu bilirik. Ümumiyyətlə, əgər fikir vermisinizsə, onlar yürütdükləri siyasətlərinə lazım olmayan adamların həbsindən sonra, həmin adamların qorunmasına çalışmırlar. Məsələn, Ruslan Bəşirli olayını xatırlaya bilərik. Ancaq məsələ Leyla Yunusa çatanda dərhal başlayırlar ajiotaj yaratmağa. Hansı ki, Leyla Yunusun özü açıq-aşkar erməniçilik, ermənipərəstlik rolundan çıxış edir".

"Onu da qeyd edim ki, Cəmil Həsənli də Əli Kərimlinin siyasətinə lazım olan adamdır"-deyə bildirən Elşən Musayev onu da qeyd etdi ki, hələ prezident seçkilərindən əvvəl AXCP sədri yaxşı bilirdi ki, Cəmil Həsənli prezident olmayacaq: "Cəmil Həsənli Əli Kərimliyə məhz belə hallarda istifadə edilmək üçün lazımdır. Baxın, bu gün Cəmil Həsənli iddia edir ki, guya Rauf Mirqədirov heç də hüquq müdafiəçisi Elçin Behbudova məlum etirafları – yəni Leyla Yunus və Arif Yunusun onunla birgə Ermənistanda səfərdə olduqları etirafını etməyib. Bir adamdan soruşarlar ki, axı sənin nəyinə lazımdır ki, Mirqədirov nəyi deyib, ya da deməyib? Qoy bunu hüquq mühafizə orqanları araşdırsın. Bir zamanlar biz belə bir fikir irəli sürürdük ki, radikal müxalifət hakimiyyətə yiyələnmək üçün hətta düşmənlə də iş birliyinə getməyə hazırdırlar. Hətta onu da bilirik ki, bunlar erməniyə də dayı deməyə hazırdırlar. Həmin zamanlar bizim opponentlər gəlib bizə irad tuturdular ki, yox, belə ola bilməz və s. Amma bu gün bu faktdır".

Partiya sədri daha bir maraqdoğurucu məqama da toxunaraq dedi ki, əslində belə bənzər hadisələrin ard-arda baş verməsi çox ilginc məsələdir: "Əgər fikir verirsinizsə, belə bənzər hadisələr ard-arda davam edir. Əkrəm Əylisli, Rüstəm İbrahimbəyov, Günel Mövlud, Leyla Yunus və Rauf Mirqədirov. Əkrəm Əylisli öz "Daş yuxuları" romanı ilə bütün xalqımızı şoka saldı. Rüstəm İbrahimbəyov məlum Tiflis görüşündə gedib məhz erməni otelini seçdi ki, birdən ermənilər ondan incik düşər. Daha sonra da azərbaycanlıların ermənilərlə çiyin-çiyin yaşamağa məhkum olduqlarını da bəyan etdi. Yəni bunların xisləti budur, bunların mahiyyəti budur. Ancaq hər bir millətin, hər bir dövlətin qan yaddaşı var. Bunlar öz təbirlərincə, istəyirlər göstərsinlər ki, guya ümumbəşəri prizmadan çıxış edirlər, kübar görünürlər, dünyaya mesaj verirlər. Təbii ki, bütün bunların arxasında böyük qrantlar, böyük pullar, erməni lobbisi kimi imkanlı erməni oliqarxları dayanır. Ancaq nəticəyə gələndə görürük ki, bu, Azərbaycan dövlətinə, Azərbaycan millətinə qarşı olan bir xəyanətdir".

Elşən Musayev son olaraq bildirdi ki, hüquq-mühafizə orqanlarının əlində Rauf Mirqədirovla bağlı faktların olmasına şübhə etmir: "Şübhə etmirəm ki, Mirqədirovla bağlı hüquq-mühafizə orqanlarının əlində kifayət qədər faktlar var. Ümumiyyətlə, bu ölkədə heç kim, heç vaxt əbəs yerə, günahsız yerə həbs olunmur, ittiham edilmir. Ona görə də bir siyasətçi kimi demək istərdim ki, hüquq-mühafizə orqanları yalnız Mirqədirovun həbsi ilə kifayətlənməməlidir. Bu gün özlərini ictimai-siyasi həyatda "siyasətçi" hesab edən xəyanətkarlar da bu sıraya qoşulmalıdır. Düzdür, bunlar yenə də ajiotajlar yaratmağa çalışacaqlar, səs-küy yaratmağa cəhd edəcəklər, hətta Cəmil Həsənli kimi bir oyuncağı yenidən ortaya atacaqlar, amma nəticədə sağlam düşüncəli insanlar biləcəklər ki, Azərbaycan daxili xəyanətkarlardan xilas olur. Çünki cəmiyyət belələrinin fikirləri ilə oturub-durmur. Hətta Elçin Behbudovun bir bəyanatı, bir açıqlaması kifayət edəcək ki, bu xəyanətkarların iç üzləri açılaraq ifşa olunsun".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə