Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeli müəssisələrində 2014-cü ilin birinci rübünün yekunlarına həsr edilmiş səyyar kollegiya keçirilib. Bu barədə SİA-ya MSN-nin mətbuat xidmətindən məlumat verilib.
Nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclaslarda nazirliyin birlik və müəssisələrinin istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər müzakirə olunub. İclaslarda bildirilib ki, hesabat dövründə nazirliyin müəssisələrində 2014-cü il üçün nəzərdə tutulan tədbirlərin icrası davam etdirilib. Güc strukturlarının sifarişləri əsasında bağlanan müqavilələr üzrə müdafiə təyinatlı məmulatlar istehsal edilərək sifarişçilərə təhvil verilib. Cari ilin birinci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi istehsal həcmində 1,7 dəfə artım əldə edilib.
Müdafiə və xüsusi təyinatlı məmulatların istehsalı, elmi-tədqiqat və təcrübi konstruktur işlərinin həcmi 1,7 dəfə artıb. Hesabat dövründə sifarişçilərə təhvil verilən müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 dəfə artıb.
Mülki məhsulların istehsalı üzrə proqnoza əməl olunmuş, ötən ilin müvafiq dövrü ilə müqayisədə mülki təyinatlı məmulatların istehsalında 55 faiz artım əldə edilib. 2014-cü ilin istehsal proqramına uyğun olaraq birinci rübdə nazirliyin müəssisələrində yaradılma üzrə 66 mövzu və 169 mərhələni əhatə edən elmi-tədqiqat və təcrübi konstruktor işləri davam etdirilib.
Kollegiyada qeyd olundu ki, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan məmulatlar 2009-cu ildən etibarən, mütəmadi olaraq beynəlxalq sərgilərdə nümayiş etdirilir. Nazirliyin sonuncu qatıldığı sərgi aprelin 14-dən 17-dək Malayziyanın Kuala-Lumpur şəhərində keçirilən XIV Asiya Müdafiə Xidmətləri Sərgisi "DSA-2014" olmuşdur. Bu sərgi dünyanın ən böyük beş müdafiə sənayesi sərgisindən biri idi.
Müdafiə Sənayesi Nazirliyi 55 ölkədən 800-dən artıq qabaqcıl şirkətin qatıldığı "DSA-2014" sərgisində 132 adda müdafiə təyinatlı məmulat nümayiş etdirib. Sərgidə "İstiqlal", "Mübariz", "Yalquzaq" snayper tüfəngləri, tank və zirehli texnikalar üçün pulemyot, hücum pulemyotu, ilk dəfə olaraq universal pulemyot, "Zəfər", "Zəfər-K" və "İnam" tapançaları, pilotsuz uçuş aparatları, aviasiya təlim bombası, müxtəlif çaplı sursatlar, əleyhqazlarla yanaşı digər məmulatlar da nümayiş etdirilib.
Bu sərgidə də MSN-in nümayiş etdirdiyi məmulatlar böyük maraqla qarşılanıb.
Sərgi zamanı Müdafiə Sənayesi Nazirliyinin stendində cari ilin sentyabr ayında Bakıda keçiriləcək "ADEX-2014" beynəlxalq müdafiə sənayesi sərgisinin təqdimatı olub və stendi ziyarət edən nümayəndələrə sərgi ilə bağlı dəvətlər çatdırılıb.
Kollegiya iclaslarında MSN-in birlik və müəssisələrinin rəhbərlərinin hesabatları da dinlənilib.
Hesabat dövrü ərzində tabeli birlik və müəssisələr tərəfindən görülmüş işləri müsbət qiymətləndirən nazir MSN-nin struktur bölmə, birlik və müəssisə rəhbərlərinə göstərişlər verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB