Ə. Topçubaşovun 150 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilib Yenilənib-FOTO

Ə. Topçubaşovun 150 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilib Yenilənib-FOTO

Bu gün ADA Universitetində Əlimərdan bəy Topçubaşovun anadan olmasının 150 illiyinə həsr edilmiş beynəlxalq konfrans öz işinə başlayıb. SİA-nın xəbərinə görə, ADA Universitetinin, Xarici İşlər Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən konfransda Milli Məclisin spikeri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov, ADA Universitetinin rektoru Hafiz Paşayev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Azərbaycanın digər dövlət rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirləri və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Hafiz Paşayev qeyd edib ki, Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycanın tarixi şəxsiyyətlərinin yubileyləri dövlət səviyyəsində qeyd olunur. Bugünkü tədbirin də dövlət başçısının sərəncamına əsasən keçirildiyini qeyd edən H. Paşayev, Əlimərdan bəy Topçubaşovun fəaliyyəti haqqında danışıb: "Ə. Topçubaşov Azərbaycanın milli kimliyini müəyyən edən və Qərbə qovuşmasını ideya istiqaməti kimi göstərən ilk siyasi xadimlərdən biri, bəlkə də birincisi idi. Onunla bağlı olan tarix Azərbaycan xalqının milli birlik tarixidir. O, öz coşqun fəaliyyəti ilə yalnız Azərbaycan xalqının deyil, bütün qeyri-rus xalqlarının liderinə çevrildi. Əlimərdan bəy Topçubaşovun fəaliyyətini yenidən öyrənmək və onu ictimaiyyətə təqdim etmək bizim vəzifə borcumuzdur. Ona görə də Ə. Tobçubaşova həsr olunan bu tədbir Tobçubaşov irsinin daha dərindən öyrənilməsində mühüm rol oynayacaq".

Daha sonra çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, ölkə başçısının sərəncamları ilə xalqın tarixi şəxsiyyətlərinin yubileylərinin keçirilməsi tarixi dəyərlərin nə qədər böyük əhəmiyyətə malik olmasını sübut edir: "Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olan Əlimərdan bəy Topçubaşov XX əsrin əvvəlində Azərbaycan xalqının müstəqilliyi və azadlığı uğrunda mühüm işlər görüb. Şərqdə ilk müsəlman dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli dirçəliş prosesinin məntiqi nəticəsi oldu. Əlimərdan bəy Topçubaşov hərtərəfli istedada malik olan bir şəxs kimi Azərbaycanın beynəlxalq aləmdə tanıdılması üçün bütün qüvvəsini sərf edib. Beynəlxalq konfranslarda nümayəndə heyətinə rəhbərlik etməklə, Əlimərdan bəy Topçubaşov çoxlu sayda görüşlər keçirib və Azərbaycanın dünyada tanınmasına mühüm töhfələr verib".

Xarici işlər naziri Elmar Məmmədyarov da çıxışı zamanı qeyd edib ki, görkəmli Azərbaycan diplomatı Əlimərdan bəy Topçubaşovun Azərbaycan diplomatiyası tarixində çox böyük rolu var: "Əlimərdan bəy Topçubaşov şəxsiyyətinə müxtəlif yanaşmalar və mövqelər mövcuddur. İstedadlı diplomat və vətənpərvər Əlimərdan bəy Topçubaşov bütün həyatını Azərbaycan xalqının gələcəyinə həsr edib. Müstəqillik Azərbaycan tarixində mühüm məqamlardan biridir və onun əsası Əlimərdan bəy Topçubaşovun dövründə qoyuldu. Biz isə onun bu arzusunu yerinə yetirdik".

AMEA prezidenti Akif Əlizadə çıxışında qeyd edib ki, Əlimərdan bəy Topçubaşovun fəaliyyəti Azərbaycanın keşməkeşli və çətin tarixi dövrünə düşüb: "Ulu öndər Heydər Əliyevin dediyi kimi, Azərbaycan xalqı əbədi müstəqillik qazandıqdan sonra, Azərbaycanın tarixi şəxsiyyətlərinin xatirəsinin anılması ənənəvi hal alıb. Əlimərdan bəy Topçubaşov xalqına xidmət üçün diplomatiya yolunu seçmişdi və o, Azərbaycan diplomatiya məktəbinin yaradıcılarından biri olub".

Daha sonra konfransda tarixçilərin Əlimərdan bəy Topçubaşovun həyat və fəaliyyəti barədə məruzələri dinlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə