Fələstin səfiri: “İsraillə aparılan danışıqların yeni mərhələsi nəticəsiz yekunlaşır”
"9 ay öncə Fələstinlə İsrail arasında başlayan danışıqların yeni mərhələsi aprelin 29-da yekunlaşacaq". SİA-nın xəbərinə görə, bunu junalistlərə açıqlamasında Fələstin dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Əbdülkərim Əbdürrəhman deyib.
Səfir qeyd edib ki, ABŞ-ın himayəsi ilə baş tutan danışıqlar prosesində heç bir irəliləyiş əldə olunmayıb: "Çünki Benyamin Netenyahunun rəhbərlik etdiyi İsrail hökuməti hər zaman olduğu kimi danışıqlar prosesinə qeyri-ciddi yanaşır. Ona görə də danışıqlar prosesi elə də nəticə vermir. Bu danışıqlar prosesi zamanı İsrail tərəfinin verdikləri şərhlərdə də aydın hiss olunur. ABŞ İsrailin ən yaxın strateji müttəfiqi olmasına baxmayaraq İsrail tərəfinin qeyri-ciddi mövqe tutmasını tənqid edir".
Ə.Əbdürrəhman xatırladıb ki, Fələstin və İsrail arasında qarşılıqlı şəkildə dövlətlərin tanınması məsələsini 1993-cü ildə imzalanan Oslo müqaviləsi ilə həllini tapıb: "Ancaq İsrail tərəfi yeni-yeni şərtlər irəli sürür və problemlər yaradır. Yəni, maneələr yaratmaqla sülh gecikdirir".
Azərbaycan və Fələstin arasındakı münasibətlərə toxunan səfir qeyd edib ki, ölkələrimiz arasındakı münasibətlr qədim köklərə malikdir: "Azərbaycan həm xalq, həm də dövlət olaraq hər zaman Fələstin dövlətinin yanında olub. Fələstin dövlətinin mövqeyini beynəlxalq aləmdə prinsipial şəkildə dəstəkləyib. Artıq 3 ildir ki, Fələstin dövlətinin Azərbaycanda səfirliyi fəaliyyət göstərir".
Ötən il Bakıda İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Fələstinə yardım üzrə donor konfransının keçirildiyini xatırladan səfir deyib ki, konfransda Azərbaycan dövləti Fələstinin iqtisadiyyatının, səhiyyə və təhsil sisteminin inkişafı üçün 5 milyon dollar yardım ayırıb: "Hesab edirəm ki, bu da Azərbaycanın Fələstinə dəstəyindən irəli gələn məsələdir. Eyni zamanda Azərbaycan Fələstin dövlətinin hüquqlarını beynəlxalq aləmdə dəstəkləməklə yanaşı Fələstin lehinə çıxarılan qərarların təşkilatçılarındandır. Fələstin dövləti BMT-də müşahidəçi statusu almaq üçün müraciət edən zaman Azərbaycan nəinki bunu dəstəklədi, hətta bunu irəli sürən tərəf olaraq tanındı. Biz Azərbaycan dövlətinin Fələstinə dəstəyini hər zaman hiss etmişik və buna görə Azərbaycan dövlətinə və xalqına təşəkkür edirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB