Zahid Oruc: “Qondarma “erməni soyqırımı” ilə bağlı fərqli bir leksikona üstünlük verilməlidir”

Hatəm Cabbarlı: "Rəcəb Tayyib Ərdoğanın bəyanatı ermənilər baxımdan “erməni soyqırımı”nın Türkiyə tərəfində qəbul edilməsi istiqamətində irəliyə doğru atılmış bir addımdır”
Zahid Oruc: “Qondarma “erməni soyqırımı” ilə bağlı fərqli bir leksikona üstünlük verilməlidir”

Məlum olduğu kimi Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan 1915-ci il hadisələrinin növbəti ildönümü münasibətilə yazılı açıqlamasında XX əsrin əvvəllərində ölən ermənilərin nəvələrinə başsağlığı verməsi cəmiyyətdə birmənalı qarşılanmadı. Hətta bəzi şərhçilərin fikirlərinə görə, bu məsəldə Azərbaycan Türkiyədən daha çox iş görür.

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin Sədri Hatəm Cabbarlı:

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın qondarma "erməni soyqırımı" qurbanları varislərindən üzr istəməsi Türkiyənin xarici siyasətində bu günə qədər məsələ ətrafında yaşanan hadisələrdən olduqca fərqli bir mövqe nümayişidir. Burada Türkiyə və Azərbaycanın qondarma erməni soyqırımına qarşı beynəlxalq aləmdə ortaq fəaliyyət göstərmə imkanları genişdir. Azərbaycan bu günə qədər Türkiyənin qondarma "erməni soyqırımı" iddialarına qarşı siyasətini dəstəkləyir və ortaq fəaliyyət həyata keçirir. Bu baxımdan türk hökumətinin belə bəyanat verməsi beynəlxalq aləmdə Türkiyə və Azərbaycanın birgə hərəkət etmə imkanlarını məhdudlaşdırır. Türkiyə ABŞ və Qərb təzyiqlərini yumşaltmaq baxımından belə bir bəyanat verə bilər. Bütün hallarda belə bir bəyanat ermənilərin 99 illik aralıqsız həyata keçirdikləri qondarma "erməni soyqırımı"nın Türkiyə tərəfində qəbul edilməsi istiqamətində ermənilər baxımdan irəliyə doğru atılmış bir addımdır. Ermənilər son 20 il ərzində sadəcə ABŞ və Avropada deyil, xüsusilə Türkiyə ictimaiyyətində çox ciddi təbliğat kampaniyasına başlayıb. Bu kampaniya çərçivəsində Türkiyədə bir çox QHT, dövlət strukturları, siyasi partiyalar və digər ictimai birliklər qondarma "erməni soyqırımı"nı dəstəkləyən bəyanatlar verirlər. Bu da dövlət mənafeyi ilə əsla uyğunlaşmır. Belə olduqda qarşımızdakı illərdə hadisələrin necə cərəyan edəcəyini təxmin etmək mümkündür. Artıq ABŞ qondarma "erməni soyqırımı"nı "böyük qətliam" adlandırır. Bu da birbaşa beynəlxalq hüquq terminologiyası olan soyqırımı kəlməsi kimi də deyilə bilər. ABŞ-ın münasibətinə qarşı Türkiyənin fəaliyyət imkanları olmasına rəğmən, bütün potensialı ilə bu məsələyə öz münasibətini bildirmək istəmir.

Millət vəkili Zahid Oruc:

- Təəssüf ki, Azərbaycan cəmiyyətində və Türkiyə daxilində məsələyə dərindən araşdırılmadan reaksiya verilməsinə üstünlük verilir. İnsanlarımız guya Türkiyə hökuməti rəhbərinin 1915-ci il hadisələrinə münasibətinin dəyişdiyini və hətta erməni mövqeyinin bu halda qalib gəldiyini düşünməyə başlayıblar. Ancaq, Ermənistan cəmiyyəti, mediası, o cümlədən siyasi dairələri bu məsələnin daha təhlükəli və erməni maraqlarına ziyanlı olduğunu qeyd edərək Türkiyə üzərinə daha böyük şövqlə gəlməkdədirlər. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın açıqlamasında heç bir halda soyqırım ifadəsinə yer verilməyib, ümumən 1915-ci il hadisələrinin insanlıq üçün çox ağır nəticələr doğurduğundan bəhs olunub. Bu təkcə ermənilər deyil, orada yaşayan xalqların həyatı üçün də ağır sonluqla bitdiyi söylənilir. Bu da heç kim tərəfindən inkar olunmur. Hətta Türkiyə tarixçiləri hadisənin yalnız köçürülmələr zamanı reallaşdığını və bir qrup xəyanətkar ermənilərin bu ölümü qazandıqlarını bəyan edirdilər. Ümumiyyətlə, ermənilərin və ya digər itkilərin olmaması iddiası indiyə qədər də mövcud deyil. Ona görə də məsələ ilə bağlı daha artıq yetkil və fərqli bir leksikona üstünlük verilməlidir. Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan da bu üslubdan istifadə edib. Görünən odur ki, cəmiyyətlər belə üsluba, dilə hazır deyillər. Onlar ənənəvi olaraq yenə də sərt inkarçılıq, ermənilərin üzərinə getmələrini gözləyirdilər. Hesab edirəm ki, bu daha fərqli bir diplomatik dildir. Belə hesab edirəm ki, bu qəti şəkildə ermənilərin xeyrinə olmayan bir bəyanatdır. Açıqlamanın hədəfi tamam fərqlidir. Ona görə də Ermənistan tərəfi bəyan edir ki, bizi başqaları ilə bərabərləşdirmək, soyqırım cinayətimizi adiləşdirmək daha böyük zərbə vurur, nəinki onu inkar etmək. Buradan irəli gələrək Türkiyə dövləti üzərinə hansısa bir hüquqi dava üçün predmet açılmır. Qəti şəkildə bu qənaətlər yanlışdır. Əksinə, bu ittihamları irəli sürənlər Türkiyənin maraqlarının ziddinə addım atırlar. Hər halda Rəcəb Tayyib Ərdoğan nə dünya ilə münasibətlərini bununla tənzimləmir, nə də obrazı üçün yeni cizgilər yaratmır. Əslində Rəcəb Tayyib Ərdoğanın belə davranışları erməni tərəfini vadar edəcək ki, hadisələrə və tarixə daha fərqli bir nəzərlərlə baxsın. Bu məsələ üzərində Rəcəb Tayyib Ərdoğana ittihamlar yağdırmaq yalnız ermənilərin xeyrinədir.

Bütün xəbərlər Facebook səhifəmizdə