“Qəhrəmanlar ölmür” layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Bu gün Binəqədi rayon Milli Qəhrəmanlar Parkında Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Qəhrəmanlar ölmür" Yeniyetmə və Gənclərin Tərbiyyəsi layihəsi çərçivəsində Azərbaycanın ərazi bütövlüyü və suverənliyi uğrunda canlarını qurban verən şəhidlərin anım mərasimi keçirilib. SİA-nın məlumatına görə, əvvəlcə tədbir iştirakçıları Vətən uğrunda həlak olan şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra layihə rəhbəri Aytac Əliyeva tədbiri giriş sözü ilə açaraq deyib ki, layihənin ilk təqdimatı Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun birbaşa qayğısı və diqqəti sayəsində həyata keçib. Bildirilib ki, layihə çərçivəsində Azərbaycanın milli qəhrəmanları, onların keçdikləri döyüş yolları və həyatları haqqında gənclərə dolğun məlumat verilib və bunun timsalında kitab, büroşur və təqvimlər nəşr olunub. Diqqətə çatdırlıb ki, layihənin keçirilməsində məqsəd Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhid olan və Milli Qəhrəman adını alan insanlarımız haqqında məlumat əldə etməkdir: "Çünki Azərbaycan öz müstəqilliyinə canı, qanı bahasına qovuşub. Bu gün eyni zamanda Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun da anım mərasimi keçirilir. A.Bağırov o Milli Qəhrəmanlardandır ki, öz vəsaiti hesabına millətindən, xalqından şəhid olmuş insanların cəsədlərinin düşmən tərəfində qalmasına razı olmayıb və geri qaytarıb. Hətta onun Xocalı faciəsi zamanı əhalinin təhlükəsiz yerə köçürülməsində müstəsna xidmətləri olub".
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova bildirib ki, Binəqədi rayonunda milli qəhrəmanlara, Qarabağ müharibəsi veteranlarına və ümumiyyətlə döyüş zamanı şücaət göstərən bütün Azərbaycan oğul və qızlarına verilən xidmət, dəyər göz önündədir.
Milli Qəhrəman Allahverdi Bağırovun bacısı Sveta Bağırova deyib ki, o bu günü heç bir zaman yaddından çıxara bilməz: "Bu gün mən Allahverdi Bağırovun bacısı olduğum üçün Fəxr edirəm. Sən və sənin kimi qəhrəmanlar olmasaydı yəqin ki, biz bu gün burada olmazdıq".
Daha sonra Milli Qəhrəmanın qızı Aynur Bağırova, Binəqədi rayon Veteranlar şurasının sədri Telman Hətəmov, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədr müavini və digərləri çıxış edərək layihənin əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB