Aydın Hüseynov: “Müxalifət düşərgəsi durğunluğun səbəbini özündə axtarmalıdır” RƏY
"Ölkə müxalifətinin süstlüyü barədə danışarkən, ilk növbədə bunu seçkilərdən sonrakı hadisələrlə uzlaşdırmaq lazımdır". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov radikal müxalifət düşərgədində baş verən durğunluğa münasibətini bildirərkən deyib.
Aydın Hüseynov qeyd edib ki, hələ prezident seçkilərindən öncə radikal düşərgədə, liderlər arasında olan münasibətlərdə mövcud olan mühit belə proqnozlar irəli sürməyə rəvac verirdi: "Məsələn, götürək o zamankı İctimai Palata adlı qurumu. Bu qurum yaradılarkən bəyan edilmişdi ki, 2010-cu ilin parlament seçkilərində qələbə qazana bilməyən müxalifət təmsilçiləri adıçəkilən qurum daxilində öz "haqları" uğrunda mübarizə aparacaqlar. Eyni zamanda iddia olunurdu ki, onlar ölkə parlamentinə alternativ olaraq fəaliyyət göstərəcəklər. Ancaq onların iddiaları boğazdan yuxarı deyilmiş söz kimi nəticəsiz qaldı. Artıq nəinki müxalifət liderlərinin planları reallaımayıb, hətta İctimai Palata adlı qurumun işinə xitam verilib. Çünki bir daha xatırlasaq görərik ki, həmin ərəfələrdə müxalifətdaxili birlik içində qarşıdurmalar, parftiyadaxili münasibətlərdə isə ziddiyyətlər baş alıb gedirdi. Bizlər buna bənzər hadisələri İctimai Palatadan öncə yaradılmış çoxsaylı qurumlarda da müşahidə etmişik. Yəni əsas görünən budur ki, ambisioz davranışlar, iddialı, populist çıxışlar heç də orada təmsil olunan partiya və liderlərin xəyallarını doğrultmayıb. Həmin dövrlərdə də radikal müxalifətdə uzunmüddətli depressiya və durğunluq hökm sürdü. Yəni liderlər yalnız seçkilərdən-seçkilərə, daldıqları uzun yuxudan ayılaraq, "mən də varam" prizmasından çıxış edirlər".
Bu gün eyni hadisələrin Milli Şurada da yaşandığını deyən YAP Siyasi Şurasının üzvü onu da vurğulayıb ki, məhz bu qurumun da əsas iddiası prezident seçkilərində birlik şəklində iştirak etmək və qələbə qazanmaq idi. Lakin göründüyü kimi, nə düşərgənin, nə də ki, liderlərin aqibətləri, düşüncə tərzləri dəyişilməz olaraq qalıb: "Gəlin bir daha diqqət yetirək. Milli Şura yaradılarkən onun təsisçiləri kimi AXCP və Müsavat partiyaları çıxış edirdi. Yəni digər müxalifət partiyalarının Milli Şuradakı təsir imkanları yox səviyyəsində idi. Daha sonra vahid namizəd, onun ardınca isə ehtiyat vahid namizəd məsələsi ortaya atıldı. Ancaq son anda, seçkilərə az müddət qalmış onlar bir namizəd ortaya çıxara bildilər ki, bu gün sözügedən namizədliyin nəticəsi göz qabağındadır. Artıq Milli Şurada təmsil olunanları sayı 34-35 nəfərə qədər enib. Çünki ardıcıl istefalar, xüsusilə, Müsavat Partiyasının, "El" Hərəkatının, ayrı-ayrı fərdlərin bu qurumdan getməsi faktiki olaraq orada baş verən intriqalı vəziyyəti göz qabağına gətirdi. Bəlli oldu ki, Milli Şuranın əsas hədəfi xalq, dövlətçilik maraqları deyil, məhz şəxsi maraqlardır. Əbəs yerə deyil ki, digər bir sıra siyasilər də bu qurumu AXCP-nin dərnəyi kimi qytmətləndirirlər. Belə olan halda, indi də bələdiyyə, parlament seçkilərinə hazırlaşdıqlarını mətbuatda bəyan edirlər".
"Qarşıdan gələn seçkilərdə Milli Şura eynilə İctimai Palatanın sonluğunu yaşayacaq", - deyə qeyd edən Aydın Hüseynov bundan sonra yaradılacaq hər hansı bir qurumun da səmərəsiz olacağını bildirib: "Bu baxımdan, müxalifətin fəaliyyətini yalnız mətbuat üzərində görürük. Bunu isə siyasi fəaliyyət deyil, durğunluq kimi qiymətləndirmək daha doğru olardı. Ona görə də ambisioz liderlər öz uğursuzluqlarına, durğunluqlarına hakimiyyətə ittiham etməkdə deyil, özlərini tənbeh etməklə aydınlıq gətirməlidirlər. Yəni hadisələrə real qiymət verməyi bacarmalıdırlar. Ancaq göründüyü kimi, belə meyarlar radikal müxalifət liderlərinə aid olan meyar kimi heç vaxt cəmiyyətin nəzərinə çarpmayıb".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB