“İnsanların təfəkkürünə qeyri-ənənəvi yollarla təsir etmək istəyənlər var”

Əli Həsənov: "Azərbaycanda “nurçuluq”, “vəhabilik” deyil, gigər cərəyanlar fəaliyyətlərini gücləndirməyə cəhd göstərirlər"
“İnsanların təfəkkürünə qeyri-ənənəvi yollarla təsir etmək istəyənlər var”

"Azərbaycanda tək "nurçuluq", "vəhabilik" deyil, digər cərəyanların nümayəndələri də fəaliyyət göstərirlər və fəaliyyət göstərməkdə də davam edirlər. Hətta onlar öz fəaliyyətlərini gücləndirməyə də cəhd göstərirlər. Ümumiyyətlə, bu tək Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqaz regionunda, post-sovet məkanında və dünyanın digər yerlərində belə hallar mövcuddur". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Ə.Həsənov bildirib ki, bu gün dünyada insanların təfəkkürünə, zehniyyətinə və fəaliyyətinə təsir göstərmək üçün təkcə dövlətlərin qəbul etdiyi qanunlar və onların həyata keçirilməsi, qanunlara əməl etmək vərdişlərini tələb edən orqanlar deyil, qeyri-ənənəvi yollarla təsir etməyə cəhd göstərənlər var. Dini müdaxilə, missionerlik, insanları öz inanclarına uyğun məzhəblərə ayırmaq yolu ilə onların fəaliyyətinə təsir göstərmək istəyən qüvvələr mövcuddur. Bunlar Azərbaycanda da var. Azərbaycanın müvafiq dövlət qurumları belə hallarla bağlı lazımı işləri aparırlar".

Ə.Həsənov vurğulayıb ki, bu gün bunlar Azərbaycan dövləti üçün ciddi təhlükə kəsb etmir: "Əgər bunlar ciddi təhlükə kəsb etsələr, dövlətin qanunları və qanun keşikçiləri ilə üz-üzə gəlməyə məcbur olacaqlar. Amma bütövlükdə, Azərbaycan cəmiyyəti də xəbərdar olmalıdır ki, belə hallar və cəhdlər var, bu cəhdlərin qarşısı dövlət tərəfindən alınır və alınmaqda davam edəcək. Azərbaycan dövlətinin, xalqın iradəsindən, vətəndaşlarımızın mandat verdiyi insanların həyata keçirdiyi fəaliyyətdən və mövcud qanunların tələbindən başqa, digər iradəyə tələbat ola bilməz".

"Təəssüflər olsun ki, bir sıra dini təriqətlərin öz üzvləri qarşısında qoyduğu məcburi normalar bəzən Azərbaycanda vətəndaş quruculuğu və dövlətçilik prinsiplərinə uyğun gəlmir. Heç bir dini inanc, heç bir dini sitayiş, fəaliyyət Azərbaycan dövlətinin dünyəvi normalarına müdaxilə şəklində həyata keçirilməməlidir. Dünyəvi normalara müdaxilə, istər-istəməz qanuni məsuliyyət doğurur və nəticə etibarilə, belə hallar müşahidə olunursa, müvafiq tədbirlər görülür, - deyə Ə.Həsənov vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə