YAP-ın "Partiyalararası əlaqələr və dialoq komissiyası"nın ilk iclası keçirilib YENİLƏNİB

YAP-ın "Partiyalararası əlaqələr və dialoq komissiyası"nın ilk iclası keçirilib YENİLƏNİB

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) "Partiyalararası əlaqələr və dialoq komissiyası"nın ilk iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda komissiyanın sədri, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, millət vəkilləri və media nümayəndələrinin rəhbərləri iştirak edib.

PA rəsmisi iclası giriş nitqi ilə açaraq deyib ki, faktiki olaraq ilk dədəfir ki, komissiya çərçivəsində Azərbaycan parlamentində təmsil olunan digər siyasi partiyaların sədrlərinin və nümayəndələrinin iştirakı ilə hakim partiyanın Partiyalararası əlaqələr üzrə komissiyasının iclasını keçiririk: "YAP öz gücünə, nüfuzuna, üzvlərinin sayına, partiyanın əsas rəhbər heyətinin hakimiyyətdə təmsil olunmasına, partiya sədrinin ölkə prezidenti olmasına və digər əlamətlərinə görə Azərbaycan cəmiyyətini idarə edən əsas aparıcı qüvvədir. Ona görə də bu partiyanın bütün ali orqanlarının toplantıları istər-istəməz cəmiyyətə təsir göstərir. Azərbaycan cəmiyyətinin səfərbər olmasında, yönəldilməsində, cəmiyyətdəki ayrı - ayrı qrup insanlar sosial və siyasi strukturlar arasındakı münasibətlərin nizama salınmasında bu özünü göstərir. Ona görə düşünürəm ki, bugünkü komissiyanın iclası da müəyyən məsələlər üzrə xoş mesajlar verəcək və biz gələcəkdə bütövlükdə cəmiyyətdə Partiyalararası münasibətin vahid strategiyasını müəyyən edəcəyik".

Daha sonra Yeni Azərbaycan Partiyasının (YAP) beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Asəf Hacıyev çıxış edərək deyib ki, "Partiyalararası əlaqələr və dialoq komissiyası"nın həm daxildə, həm də xaricdə olmaqla iki istiqaməti var: "YAP daxildə müxtəlif partiyalarla öz əlaqəsini qurub. Bugünkü komissiyanın iclasında da müxətlif partiyaların nümayəndələrinin olması da bunu bir daha təsdiq edir. Amma ən önəmli məsələ Azərbaycanın hüdudlarından kənarda əlaqələrimizin qurulmasıdır. YAP-ın xarici əlaqələri Asiya, Avropa və Amerika Birləşmiş Ştatları olmaqla üç istiqamətdədir".

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı qeyd edib ki, "Partiyalararası əlaqələr və dialoq komissiyası"nın keçirilməsinin əhəmiyyəti çox böyükdür: "Mən burada tezislərlə yaxından tanış oldum. Əlbəttə ki, bizim iradəmizdən asılı olmayaraq cəmiyyəti narahat edən probelmlər var. Bu da Azərbaycanda gedən inkişafdan və dünyada davam edən proseslərin mahiyyətindən irəli gəlir".

YAP bütün cəmiyyəti qucaqlayan bir partiyadır. Hakim partiyanın hər bir konstruktiv əməkdaşlığa qapısı açıqdır. Bunu isə YAP Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı bildirib. Millət vəkilinin sözlərinə görə, böyük və kiçik partiya olmasına baxmayaraq YAP hər bir partiya və siyasi təşkilatla əməkdaşlıq etməyə hazırdır".

YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə isə vurğulayıb ki, komissiyanın adından da göründüyü kimi YAP cəmiyyətdə əlaqələrdə və dialoqun qurulmasında çox maraqlıdır: "YAP dialoq və istənilən mövzunun müzakirəsi üçün açıqdır. Eləcə də xarici təcrübə faktorundan da geniş istifadə ediləcək. Ümumən götürdükdə YAP sonuncu qurultayından sonra Siyasi Şura üzvlərindən ibarət komissiyaların yaradılması və həmin komissiyaların iclasını keçirərək öz proqramını elan etməsi və cəmiyyətdə gedən prosesləri müzakirə etməsi göstərir ki, hakim partiya dövrün, zamanın tələbinə uyğun olaraq öz fəaliyyətini qurmaq əzmindədir".

Daha sonra millət vəkili Zahid Oruc, Milli Dirçəliş Hərəkatının (MDH) sədri, millət vəkili Fərəc Quliyev, Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə və digərləri çıxış edərək komissiyanın iclasında müzakirə olunan məsələlərlə bağlı fikirlərini bölüşüblər.

Sonda Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edib və bildirib ki, "Partiyalararası əlaqələr və dialoq komissiyası" bütövlükdə Azərbaycan cəmiyyətinin bütövləşməsinə, barış və konstruktiv dialoq səviyyəsində inkişafına stimul və dəstək verməlidir: "Çünki biz iqtidar partiyasıyıq. Bütün yaxşı təşəbbüslər iqtidar partiyasından gəlməlidir. Cəmiyyəti birləşdirəcək və birləşdirmək yönündə cəmiyyəti səfərbər edəcək bütün böyük təşəbbüslər bizdən gəlməlidir. Əlbəttə ki, biz bununla digər partiyaların potensialını aşılamaq istəmirik".

Sonda Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev komissiyanın sədr müavini seçilib.

Qeyd edək ki, komissiyanın təkliflər planına aşağıdakı məsələlər daxildir:

- Azərbaycan Respublikasında fəaliyyət göstərən siyasi partiyaların fəaliyyəti haqqında məlumatların toplanması, təhlil edilməsi və ümumiləşdirilməsi;

- Siyasi partiyalar və onların yerlibölmələri haqqında məlumat bazasının yaradılması;

- Azərbaycan siyasi partiya sisteminin təhlil edilməsi, siyasi təşkilatların təsnifatının aparılması;

- Vətəndaş cəmiyyətinə nail olmaq məqsədi ilə Azərbaycan Respublikasında fəaliyyət göstərən siyasi partiyalarla dialoqun və partiyalararası əməkdaşlığın genişləndirilməsi;

- Cəmiyyəti narahat edən aktual mövzularla bağlı siyasi partiyalarla ikitərəfli və çoxtərəfli görüşlərin, konfrans və dəyirmi masaların təşkili;

- YAP Gənclər Birliyinin və Qadınlar Şurasının digər iqtidaryönümlü partiyaların gənclər birlikləri və qadınlar təşkilatları ilə qarşılıqlı əlaqələrin qurulmasının təmin edilməsi;

- Siyasi partiyaların fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin verilməsi;

- Partiyalararası əlaqələr və dialoq məsələlərinə dair beynəlxalq təcrübənin öyrənilməsi;

- Partiyalararası əməkdaşlıqla bağlı Azərbaycan Respublikasında fəaliyyət göstərən siyasi partiyaların təkliflərinin öyrənilməsi;

- Elektron və yazılı kütləvi informasiya vasitələrində partiyalararası əlaqələr və dialoq məsələlərinə həsr olunmuş materialların verilməsi;

Bütün xəbərlər Facebook səhifəmizdə