Ranko Krivokapiç: “ATƏT Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir”

Ranko Krivokapiç: “ATƏT Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir”

"ATƏT və digər təşkilatlar Ukrayna münaqişəsini həll etməyə çalışır". SİA-nın verdiyi xəbərə görə, bu sözləri Bakıda səfərdə olan ATƏT Parlament Assambleyasının (PA) prezidenti Ranko Krivokapiç jurnalistlərə verdiyi açıqlamasında deyib.

Ötən həftə həm Rusiya, həm də Ukrayna parlamentinin nümayəndələrinin iştirakı ilə görüş keçirildiyini deyən ATƏT PA prezidenti vurğulayıb ki, keçirilən görüşdə Ukrayna və Krımla bağlı mühüm məsələləri müzakirə olunub: "Rusiya Ukrayna məsələsində ATƏT-in mövqeyi hər kəsə məlumdur. Əlbəttə ki, biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Düşünürəm ki, münaqişənin həllində parlament diplomatiyası mühüm rol oynaya bilər. Ukrayna hadisələri bizi narahat edir və bu göstərdi ki, biz öz prinsiplərimiz üzərində çox gərgin işləməliyik".

Qeyd edək ki, ötən gün ölkəmizə səfərə gələn ATƏT Parlament Assambleyasının (PA) prezidenti, Monteneqro parlamentinin sədri Ranko Krivokapiçin başçılıq etdiyi nümayəndə heyəti bu gün Fəxri Xiyabanda olublar. Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edən qonaqlar akademik, oftalmoloq Zərifə Əliyevanın da məzarında olublar.

ATƏT PA nümayəndələri həmçinin Şəhidlər Xiyabanını da ziyarət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə