Gülsel Səfərova: “Böyük məbləğdə vəsaitin ayrılması siyasi xarakter daşıyır” MÜSAHİBƏ
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərovanın SƏS TV-yə müsahibəsi:
- Gülsel xanım, bu gün ən çox gündəmdə olan məsələ barədə sizə sual vermək istərdim. Bildiyimiz kimi, SOROS fondu Müsavat və AXCP partiyalarının təsirində olan qeyri-hökumət təşkilatlarına 32 milyon dollar vəsait ayrılıb. Bu fakta əsaslanaraq deyə bilərikmi bu? Azərbaycanda hər hansı pozuculuq aktlarının törədilməsinə yönəldilib?
- Mən məsələyə qlobal kontekstdən yanaşmaq istərdim. Qloballaşan dünyada avro inteqrasiyanı əsas amil kimi götürən ölkəmizdə, ümumiyyətlə bu cür halların baş verməsi normal haldır və mən də bunu normal qarşılayıram. Hər hansı beynəlxalq təşkilatın azad şəkildə fəaliyyət göstərməsi üçün ölkəmizdə münbit şərait var. Lakin, biz ölkəmizdə fəaliyyət göstərən təşkilatın qeyri-leqal deyil, qanuni şəkildə fəaliyyət göstərməsinin tərəfdarıyıq. Az öncə adını çəkdiyiniz təşkilat Azərbaycanda uzun müddətdir fəaliyyət göstərir və ölkəmizdə qeyri-hökumət təşkilatları ilə geniş əməkdaşlıq edir. Sözügedən təşkilatlara belə böyük məbləğdə vəsaitin ayrılması məqsədyönlüdür və eyni zamanda siyasi xarakter daşıyır. Bildiyimiz kimi, Azərbaycanda qeyri-hökumət təşkilatlarına dair qanunlar mövcuddur. Bu yaxınlarda, yəni, fevral ayında ona bir daha dəyişiklər edildi. Aydındır ki, qeyri-hökumət təşkilatları ilk növbədə qeyri siyasi və qeyri kommersiya təşkilatlarıdır. Bu isə o deməkdir ki, qeyri-hökumət təşkilatları alınan qrant vəsaitləri hesabına vətəndaş cəmiyyətinin inkişafına, vətəndaşların sosial mədəni həyatlarında irəliləyişlərin baş verməsinə və dövlətlə cəmiyyət arasında körpünün yaranmasına xidmət etməlidir. Onların siyasi fəaliyyət həyata keçirməsi isə təbii ki, qanundan kənardır. Əgər bu təşkilatların maliyyə dəstəyi hesabına radikal müxalifətin ətrafında olan qeyri-hökumət təşkilatları siyasi fəaliyyət göstərərlərsə, onlar mütləq şəkildə qanun qarşısında cavab verməlidirlər. Onu da nəzərinizə çatdırmaq istərdim ki, qeyri-hökumət təşkilatının əsas gücü mətbuatdadır. Hər hansı bir qeyri-hökumət təşkilatının fəaliyyəti mətbuatda işıqlandırılmırsa, deməli onun fəaliyyətində gizli məqamlar var. Müxalifətyönlü QHT-lərə bu qədər böyük məbləğin ayrılması siyasi, dağıdıcı xarakterli çağırışdan xəbər verir.
- Xarici fondların Azərbaycanda siyasiləşmiş QHT-lərə daha çox vəsait ayırmasının kökünsə sizcə nə dayanır?
- Beynəlxalq təşkilatların təbii ki, bəlli məqsədi var. Beynəlxalq təşkilatlarla AGAT çox geniş təcrübəyə malikdir. Biz il ərzində bir sıra beynəlxalq və dövlət qurumları ilə tədbirlər keçiririk. Tədbirlərdən və əldə olunan statikadan da aydın olunur ki, beynəlxalq təşkilatların Cənubi Qafqazda fəaliyyəti əsasən insan haqlarının müdafiəsinə, demokratiyaya və siyasi proqramların həyata keçirilməsinə yönəlib. Lakin, bir fakta nəzər yetirsək görərik ki, sizin də vurğuladığınız siyasiləşmiş QHT-lər Azərbaycanın birinci nömrəli problemi olan Dağlıq Qarabağ məsələsinə toxunmurlar. Mən siyasiləşmiş bir neçə qeyri-hökumət təşkilatını tanıyıram və onların fəaliyyətinə bələdəm. Hətta dəfələrlə onların özlərinə də bu məsləyə laqeyd yanaşdıqlarını, yan ötdüklərini bildirmişəm. Məgər, Dağlıq Qarabağ məsələsində azərbaycanlıların hüquqları pozulmayıbmı? Əlbəttə ki, bu məsələ də insan hüquqlarına aid olan bir məsələdir.
- Ümumiyyətlə, mütəmadi olaraq maliyyə yardımlarının siyasiləşmiş QHT-lərə ayrılması Ukrayna hadisələrini ölkəmizə gətirməyə göstərilən cəhd kimi qiymətləndirilə bilərmi?
- Ukrayna və Azərbaycan müqayisə edilməyəcək ölkələrdir. Doğrudur Azərbaycanla Ukrayna strateji müttəfiqdir və aralarında olduqca yaxşı münasibətlər vardır. Azərbaycan 20 ildən çox müddətdir ki, müstəqildir və onun özünəməxsus siyasi strateji dəsti xətti vardır. Azərbaycanla Ukrayna geosiyasi və geostrateji cəhətdən tamamilə fərqli ölkələrdir. Eyni zamanda Azərbaycanın bugünkü iqtisadi tempi Ukrayna ilə müqayisə edilməzdir. Ölkəmiz MDB ölkələri arasında ən yüksək piləni fəth edib. Hətta, dünyada baş verən maliyyə böhranı Azərbaycandan yan keçmişdir. Azərbaycanın yüksək səviyyəli inkişafı Ukrayna üçün bir modeldir. Ukraynada mövcud olan hazırkı durum, xaos sözsüz ki, onun iqtisadiyyatından bəhrələndi. Çünki, onun iqtisadiyyatında vəziyyət son illərdə heç də ürəkaçan deyildi. Azərbaycanın iqtisadiyyatı isə göründüyü kimi günü-gündən inkişaf edir. Bu zəmində hər hansı beynəlxalq təşkilatın Azərbaycanda dağınıqlıq yaratmaq istəyinin baş tutacağına inanmıram. Azərbaycanın iqtisadi və siyasi qüdrəti buna yol verməz. Ölkəmizdə hazırda siyasi stabillik hökm sürür. Mövcud siyasi stabilliyi pozmaq cəhdi baş tuta bilməz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB