Zakir Həsənov İranlı həmkarı ilə görüşüb (YENİLƏNİB)

Zakir Həsənov İranlı həmkarı ilə görüşüb (YENİLƏNİB)

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün Tehranda İranın müdafiə naziri, general Hüseyn Dehqanla görüşüb. SİA-nın İran İslam Respublikasının Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, görüş zamanı İranın müdafiə naziri, general H. Dehqan iki ölkə arasında siyasi, iqtisadi, mədəni, təhlükəsizlik və hərbi sahədə böyük əməkdaşlıq potensialının olduğunu vurğulayıb.

İki ölkə arasında istər regional, istərsə də beynəlxalq məsələlərdə ortaq mövqeyi olduğunu deyən Dehqan vurğulayıb ki, İranın hazırkı hakimiyyətinin xarici siyasətində Azərbaycanla əməkdaşlıq xüsusi yer tutur.

O, həmçinin İran Müdafiə Nazirliyinin Azərbaycanın təhlükəsizlik və müdafiə ehtiyaclarını təmin etməyə hazır olduğunu və azərbaycanlı həmkarının İrana səfəri nəticəsində təhlükəsizlik və müdafiə sahəsindəki əməkdaşlığın səviyyəsinin daha da yüksələcəyinə ümid etdiyini deyib.

Görüş zamanı çıxış edən Azərbaycanın müdafiə naziri Z.Həsənov iki ölkə arasındakı mədəni, tarixi, siyasi və dini ortaqlıqları vurğulayıb. İrana səfərindən razı qaldığını deyən nazir səfərin nəticəsində hərbi əməkdaşlığın inkişaf edəcəyinə ümid etdiyini dilə gətirib.

"İran regionun böyük ölkəsi, Azərbaycanın dostu və qonşusudur və bu ölkə ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir. Ölkələr arasında münasibətlərinin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və son illərdə nəzərəçarpacaq dərəcədə inkişaf edib, hazırda isə yeni mərhələyə keçməkdədir",- deyə Z. Həsənov əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə