“ İyirmi dörd ildir ki, Azərbaycan ərazisinin beşdə biri erməni işğalı altında qalmaqdadır”

“ İyirmi dörd ildir ki, Azərbaycan ərazisinin beşdə biri erməni işğalı altında qalmaqdadır”

"İyirmi dörd ildir ki, Azərbaycan ərazisinin beşdə biri erməni işğalı altında qalmaqdadır". Bu sözlər Almaniyanın "ZEIT ONLİNE" internet portalında ölkəmiz, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, TAP layihəsi barədə dərc olunmuş geniş məqalədə bildirilib.

Müəllifi Ralf Pauli olan məqalədə diqqətə çatdırılır ki, Avropa İttifaqı öz təhlükəsizlik siyasəti konsepsiyasında Dağlıq Qarabağ münaqişəsinin həllinə daha böyük önəm verməlidir. Yazıda bildirilir ki, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı rol fonunda bütün region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin həllində Aİ dönüş yaratmalı, bu istiqamətdə səylərini gücləndirməlidir.

Məqalədə bir məqam xüsusi vurğulanır ki, Avropa Şurasının və bir çox nüfuzlu beynəlxalq təşkilatların tamhüquqlu üzvü olan Azərbaycanın ərazi bütövlüyü Ermənistanın işğalçı siyasəti nəticəsində pozulub. Rəsmi Bakı bu məsələ ilə bağlı dəfələrlə beynəlxalq qurumlara müraciət etmiş, lakin Azərbaycanın ərazi bütövlüyü bu günə qədər bərpa edilməyib. Eyni zamanda, Aİ-nın da Azərbaycanın müraciətinə yetərincə maraq göstərmədiyi qeyd edilir. Ralf Pauli təəssüflə yazır ki, ATƏT-in Minsk qrupunun vasitəçilik missiyası bu günə kimi konkret nəticələrə gətirib çıxarmayıb.

Müəllif Aİ-nn "Şərq Tərəfdaşlığı" Proqramının təhlükəsizlik məsələləri üzrə eksperti Ştefan Maysterdən sitat gətirərək yazır: "Avropa İttifaqı siyasi birlik nümayiş etdirməli, siyasi iradəsini ortaya qoyub işğalçı Ermənistana qarşı sanksiyalarını gücləndirməli, Dağlıq Qarabağ münaqişəsinin həllini təhlükəsizlik siyasətinin aspektlərindən biri kimi qəbul etməlidir".

Yazıda Azərbaycanın Trans-Adriatik Boru Kəməri (TAP) barədə verdiyi qərarın Avropanın enerji təhlükəsizliyi istiqamətində tarixi bir addım olduğu xatırlanır. Qeyd edilir ki, 2019-cu ildən etibarən on milyard kubmetr təbii qaz Azərbaycandan, Türkmənistandan daha sonralar isə İrandan və İraqdan Türkiyə, Yunanıstan və Albaniya ərazilərindən keçərək birbaşa İtaliyaya nəql olunacaq. Bu isə Avropanın enerji təhlükəsizliyi üçün geostrateji əhəmiyyət daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə