Bişkekdə TÜRKPA-nın komissiya iclası keçiriləcək

Bişkekdə TÜRKPA-nın komissiya iclası keçiriləcək

Aprelin 15-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində TÜRKPA-nın Beynəlxalq əlaqələr və Sosial, mədəni və humanitar məsələlər üzrə komissiyalarının 3-cü toplantısı keçiriləcək. "Türkdilli ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyəti" və "Türk dili günü" toplantıların gündəliyində əsas mövzulardır.

Milli Məclisdən SİA-ya verilən məlumata görə, Beynəlxalq əlaqələr komissiyasının toplantısına komissiyanın sədri, Azərbaycan parlamentinin millət vəkili Əhliman Əmiraslanov sədrlik edəcək. Sosial, mədəni və humanitar məsələlər üzrə komissiyanın toplantısında isə Azərbaycan tərəfindən komissiyanın üzvləri, Azərbaycan parlamentinin millət vəkilləri Nizami Cəfərov və Sədaqət Vəliyeva iştirak edəcəklər.

Toplantılara üzv ölkələrin parlamentarlarından ibarət komissiya üzvləri, həmçinin Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası, TÜRKSOY, Türk Dünyası Bələdiyyələr Birliyi və Türk Akademiyasının nümayəndələri qatılacaq.

Komissiyaların iclaslarında, TÜRKPA-nın 2014-cü ilin iyun ayında Azərbaycanda keçiriləcək 5-ci plenar sessiyasında təqdim edilməsi məqsədilə toplantıların gündəliyinin əsas mövzularına dair hesabat məruzəsi və gələcək fəaliyyət üçün tövsiyə qərarının qəbul edilməsi gözlənilir. Həmçinin komissiyaların 4-cü toplantılarının yeri, tarixi və gündəliyi müəyyənləşdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə