Mərkəz sədri: “Bu qətnamə Türkiyəyə heç bir siyasi və hüquqi mükəlləfiyyət yükləmir”

Mərkəz sədri: “Bu qətnamə Türkiyəyə heç bir siyasi və hüquqi mükəlləfiyyət yükləmir”

"ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin qondarma erməni soyqırımı haqda qətnamə layihəsinin qəbulu Türkiyəyə qarşı edilən təxribatın davamıdır". Bunu SİA-ya Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı deyib.

H.Cabbarlı bildirib ki, son 20 ildə ABŞ-dakı erməni diasporu olduqca mütəşəkkil və kordinasiyalı şəkildə qondarma erməni soyqırımını bu ölkənin siyasi gündəliyinə daxil edir: "Əslində, qondarma erməni soyqırımı mövzusu ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin gündəliyindən çıxmır. Çünki bu mövzu hər ilin əvvəlində gündəmə gəlir və mart və aprel ayında müzakirələr daha da qızışır. Sonradan bir qədər arxa plana keçsə də, nə Ermənistan, nə də erməni diaspora təşkilatları bu məsələdən əl çəkmirlər. Bu da ABŞ-da Ermənistanın Türkiyəyə qarşı məqsədyönlü siyasətinin "uğurlu" nəticəsidir".

Mərkəz sədri deyib ki, ABŞ Senatının Xarici Əlaqələr Komitəsində qondarma erməni soyqırımı haqda qətnamə layihəsinin qəbulundan sonra Türkiyənin atacağı addımlar nəticəni dəyişməyəcək: "Türkiyə məsələnin müzakirəyə təqdim olunduğu ərəfədə qətnamənin qəbuluna əngəl olmalı idi. Amma son illər Türkiyənin qondarma erməni soyqırımına qarşı mübarizədə Avropa və ABŞ-da uğurlu nəticə əldə etmədiyi müşahidə olunur. Əksinə, erməni diasporunun fəaliyyəti nəticəsində Avropa və ABŞ-da bir sıra qətnamələr qəbul olunur".

H.Cabbarlı vurğulayıb ki, ABŞ Senatının Xarici Əlaqələr Komitəsində qondarma erməni soyqırımı ilə bağlı qətnamə layihəsinin qəbulu Türkiyəyə heç bir siyasi və hüquqi mükəlləfiyyət yükləmir: "Yəni, Senat Türkiyəni günahlandıra, Ermənistanın yanında ola və bu barədə istədiyi qədər qərar qəbul edə bilər. Amma bu qətanmənin qəbulu Türkiyənin beynəlxalq imicini ciddi şəkildə zədələyir".

Bütün xəbərlər Facebook səhifəmizdə