Tahir Rzayev: “Radikal müxalifətdə sükut və işsizlik hökm sürür”

Tahir Rzayev: “Radikal müxalifətdə sükut və işsizlik hökm sürür”

"Müxalifət rəhbərlərinin heç bir işi-gücü yoxdur. Onlar yalnız seçkidən-seçkiyə aktivləşir, özlərini cəmiyyətə siyasi qüvvə kimi tanıtmağa çalışırlar. Gördünüz ki, müxalifət partiyaları Milli Şura ətrafında bir yerə yığışdılar, amma heç kimin sözü başqasının boğazından keçmədi. Ona görə də, seçkidən sonra bu qurum da iflasa uğradı, müxalifətin digər qurumları kimi siyasi səhnədən silinib getdi. İndi də nə edəcəklərini bilmirlər".

Radikal müxalifət düşərgəsindəki sükuta, səssizliyə, xüsusilə AXCP və Müsavatın fəaliyyətsizliklərinə münasibət bildirən millət vəkili Tahir Rzayev bu sözləri SİA-ya açıqlamasında deyib.

Millət vəkili qeyd edib ki, müxalifət partiyaları yalnız seçkidən-seçkiyə, kənar qüvvələrin təsiri ilə aktiv olurlar: "Onların seçki dönəmindəki fəaliyyətləri də heç bir əhəmiyyət daşımır. Çünki fəaliyyətlərini sırf anti-milli planlar üzərində qururlar, millətimizə, dövlətimizə qarşı məkrli planlar həyata keçirməyə çalışırlar. İndi sakit durublar, müxalifətdə sükut hökm sürür. Mən bir daha deyirəm ki, onların heç bir işi-gücü yoxdur, ona görə indi sakit durublar. Bu il Azərbaycanda bələdiyyə seçkiləri, gələn il isə parlament seçkisi keçiriləcək. Yəqin gözləyirlər ki, seçki ərəfəsində yenə də kimlərdənsə pul alıb 10-15 nəfəri küçəyə töküb boş-boş bəyanatlar versinlər".

Bütün xəbərlər Facebook səhifəmizdə