Elmar Məmmədyarov Zimbabvenin xarici işlər naziri ilə görüşüb

Elmar Məmmədyarov Zimbabvenin xarici işlər naziri ilə görüşüb

Bu gün Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Zimbabve Respublikasının xarici işlər naziri Simbaraşe Mumbengegvinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın xəbərinə görə, qonaqları salamlayan nazir Elmar Məmmədyarov, Zimbabve xarici işlər nazirinin Azərbaycana səfərinin əhəmiyyətini qeyd edib. Azərbaycanın regionun lider ölkəsi olduğunu bildirən Azərbaycanın xarici işlər naziri, ölkəmizin Afrika ölkələri ilə münasibətlərin inkişafında maraqlı olduğunu bildirib.

Zimbabve ilə bir çox sahələrdə, o cümlədən təhsil, turizm və iqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayan nazir Elmar Məmmədyarov, bunun üçün hüquq-müqavilə bazasının genişləndirilməsinin əhəmiyyətini qeyd edib. Eyni zamanda görüşdə Azərbaycan ilə Zimbabve arasında beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın genişləndirilməsinin önəmi vurğulanıb.

Zimbabve Respublikasının xarici işlər naziri Simbaraşe Mumbengegvi ölkəmizə səfərindən məmnun olduğunu bildirmiş və ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan münaqişəsi haqda Zimbabve Respublikasının xarici işlər nazirinə məlumat verən nazir Elmar Məmmədyarov, Azərbaycanın münaqişənin beynəlxalq hüquq əsasında həll olunmasının tərəfdarı olduğunu bildirib. Həmçinin nazir Elmar Məmmədyarov bildirib ki, Ermənistan münaqişə ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamə və qərarlara məhəl qoymayaraq, Azərbaycan ərazilərinin işğalını davam edir. Elmar Məmmədyarov münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının zəruriliyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə