“Prezident İlham Əliyevin İrana səfəri mühüm əhəmiyyət kəsb edir”

“Prezident İlham Əliyevin İrana səfəri mühüm əhəmiyyət kəsb edir”

"Azərbaycan Prezidenti İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfəri ikitərəfli münasibətlərimizin daha da inkişafı, eyni zamanda münasibətlərimizdə həllini gözləyən müəyyən məsələlərin müzakirəsi və onlardan çıxış yollarının tapılması üçün əhəmiyyətlidir. Həmçinin səfər çərçivəsində məlum oldu ki, dövlətlərimizin münasibətləri inkişaf tempinə malikdir. Bunu hər iki ölkənin prezidenti bəyanatlarında səsləndiriblər. İstənilən səfərə onun yekunlarına əsasən qiymət verilir və bu səfər çərçivəsində 4 mühüm sənəd imzalandı". Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirli Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfərinin yekunlarını şərh edərkən deyib.

Politoloq deyib ki, bu səfər çəçivəsində Azərbaycan üçün xüsusilə maraqlı olan bir sıra məsələlər olub: "Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT-nin məlum 4 qətnaməsi, beynəlxalq hüquq ölkələrin ərazi bütövlüyü prinsipləri çərçivəsində həll olunmasının vacib olduğunu qeyd etdi və bu məsələdə İranın beynəlxalq hüquqa söykənən və ədalətli mövqeyini təqdir etdi. İran prezidenti Həsən Ruhanı də çıxışında bildirdi ki, İran Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini indiyədək qəbul olunmuş beynəlxalq hüquq sənədləri və ədalətlə həll edilməsini istəyir. Həsən Ruhani vurğuladı ki, İran regionda sərhədlərin dəyişdirilməsini qəbul etmir. Bu isə o deməkdir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və sərhədlər dəyişdirilə bilməz. Bunlar çox vacib bəyanatlar idi və səfər çərçivəsində öz əksini tapdı. Bundan başqa Xəzərin hüquqi statusu ilə bağlı məsələ prezidentlər arasında müzakirə olunub və İran Prezidenti qeyd etdi ki, onun həlli uzaq prespektiv məsələsi deyil. Azərbaycan Prezidenti İlham Əliyevin İranın Ali Dini rəhbəri Seyid Əli Xamneyi ilə görüşündə də iki dövlətin münasibətlərinə qonşuluq, dostluq və qardaşlıq münasibətləri kimi qiymət verildi. İranın Ali Dini rəhbəri Seyid Əli Xamneyi də Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını və bu məsələdə Azərbaycan dəstək verdiyini vurğuladı. Eyni zamanda iki ölkə arasında enerji sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi haqqında ortaq məxrəcə gəlinməsi çox əhəmiyyətli məqamlardır.

Son zamanlar regionda çox böyük proselər getməkdədir. Xüsusi ilə Rusiya-Ukrayna arasındakı gərginlik fonunda həm enerji, həm də hərbi əməkdaşlıq məsələləri xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri bu spektr məsələlər üzrə qarşılıqlı razılaşmaların əldə edilməsi baxımından da çox mühüm bir səfər olduğu qənaətinə gəlmək olar".

Bütün xəbərlər Facebook səhifəmizdə