“Səs” qəzetinin əməkdaşını təhdid edən kimdir? TƏXRİBAT

AXCP-nin sədr müavini Nurəddin Məmmədli adamları vasitəsilə təxribata əl atıb
“Səs” qəzetinin əməkdaşını təhdid edən kimdir? TƏXRİBAT

Bu gün səhər saatlarında "Səs" qəzetinin əməkdaşı Rövşən Rəsulovun (Nurdəddinoğlu) mobil telefonuna adıçəkilən qəzetdə müəllifi olduğu tənqidi məqaləsi ilə bağlı təhdid zəngi olub. SİA-nın məlumatına görə, zəng edən şəxs nömrəsini gizli saxlayaraq, jurnalisti ağır sözlərlə təhqir edib və hədələyib. "Nurəddin bəyə laf edənin ağzını yummasam kişi deyiləm. Az qalıb, bütün olanlara görə cavab verəcəksiniz" kimi ifadələrlə təhqirlər yağdıran Nurəddin Məmmədliyə yaxın şəxs cəbhəçi olduğunu gizlətməyib. "Səs" qəzetinin əməkdaşı isə qarşı tərəfi redaksiyaya dəvət edərək, sözügedən məsələni mətbuat çərçivəsində həll etməyə çağırıb. Lakin zəng edən şəxs telefonunu söndürərək söhbəti yarımçıq kəsib.

Məsələ ilə bağlı AXCP-nin sədr müavini Nurəddin Məmmədli ilə əlaqə saxladıq. Olayla bağlı açıqlama verən cəbhə rəsmisi olanları rədd edərək guya bunun ona qarşı təxribat olduğunu bildirib. "Bu metod təxribatçılıq metodurur və bunu edən təxribatçılardır"-deyə bildirən Nurəddin Məmmədli dolayısı ilə bunun AXCP-çilər tərəfindən törədildiyini istisna etməyib: "Əgər bunu AXCP-çilər ediblərsə belə, yenə də təxribatçılıqdır".

Araşdırmamız davam edir.

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə