Araz Əzimov: “Uorlik Ermənistana təsəlli verir”

Araz Əzimov: “Uorlik Ermənistana təsəlli verir”

"ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Minsk qrupunun sənədlərini daha yaxşı oxumalı, bilməli, öyrənməli və daha sonra əsaslı mübahisəyə girməlidir". SİA-nın xəbərinə görə, bu sözləri xarici işlər nazirinin müavini Araz Əzimov Ceyms Uorlikin öz"Twitter" səhifəsində münaqişənin Azərbaycan və Dağlıq Qarabağ arasında olmasına dair şərhi ilə bağlı jurnalistlərin sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Uorlik Ermənistana təsəlli vermək üçün bu cür bəyanatla çıxış edib: "Bəyanatın siyasi qərəzli əhəmiyyətini görmək olar. Çünki Ermənistanın əsas məqsədi Dağlıq Qarabağ separatçı rejimini hansısa "dövlət vahidi" kimi təqdim etməkdir. Lakin onlar nahaq yerə fikirləşirlər ki, əgər münaqişənin tərəfi olaraq qəbul edilsələr, ondan sonrakı mərhələdə münaqişənin həll edilməsi ilə bağlı sazişin imzalanmasına da dəvət olunacaqlar və guya bunu edərkən hansısa beynəlxalq hüquq çərçivəsində subyektivliyə nail olacaqlar. Bu da heç düzgün deyil. Aydın məsələdir ki, münaqişə Azərbaycanla Ermənistan arasında gedir. Həm də aydındır ki, 30 minlik kiçik bir etnik qrupun hansısa bir məntəqədə yaşaması onun bu əraziyə iddiasına heç bir hüquq və əsas yaratmır və vermir. Nəhayət, Azərbaycan Dağlıq Qarabağda yaşayan dinc erməni əhalini öz vətəndaşlığında saxlamaq niyyətini həmişə bildirib və təsdiqləyib. Әlbəttə ki, onların gələcəyində hansısa məsələlərin müzakirəsi üçün Azərbaycan tərəfi mərkəzi hökumət olaraq həmişə hazır olacaq".

XİN müavini münaqişənin həllində mərhələlər olduğunu vurğulayıb. O qeyd edib ki, hazırkı mərhələ işğal mərhələsidir və işğalı aradan götürmək üçün Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini tərk etməlidir: "Bu məqsədlə Azərbaycan Ermənistan tərəfi ilə müzakirələr aparmaqdadır. Ermənistanın guya Qarabağdakı ermənilərin təhlükəsizliyindən ərazi iddialarını örtmək üçün istifadə etmək cəhdləri isə məncə, ciddi qurulmayıb və ciddi örtülməyib, çox yaxşı görünən bir faktdır. Beləliklə, Ermənistanın bu iddialarına və ona təsəlli verməyə çalışan C.Uolikin sözlərinə ciddi baxmayın. Bir də nəhayət C.Uorlik Minsk qrupunun həmsədridirsə, Minsk qrupunun mandatını və konfransının quruluşunu yaxşı bilməlidir. Konfransın quruluşuna görə, Dağlıq Qarabağdan olan əhalinin nümayəndələri maraqlı tərəf kimi iştirak etməlidir. Bu həm azərbaycanlılara, həm də ermənilərə aiddir. Azərbaycan bu formatdan heç vaxt boyun qaçırmayıb. Növbəti mərhələdə işğal bitəndən sonra həmin bu tərkib yığışacaq və Dağlıq Qarabağdakı məsələləri həll etmək üçün həm azərbaycanlıların, həm də ermənilərin iştirakı ilə müzakirələr aparılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə