Rəcəb Tayyib Ərdoğan: “Türkiyədəki Azərbaycan sərmayələrinin hədəfləri həqiqətən çox böyükdür”

Rəcəb Tayyib Ərdoğan: “Türkiyədəki Azərbaycan sərmayələrinin hədəfləri həqiqətən çox böyükdür”

"Bu gün Azərbaycan-Türkiyə arasındakı ikitərəfli əlaqələrimizi, regional məsələləri müzakirə etmək imkanımız oldu. Çox mənalı bu müzakirələr nəticəsində xarici ticarət dövriyyəsi təqribən 15 milyard dollara doğru gedən iki ölkənin gələcəyə baxışındakı bünövrə günbəgün daha da möhkəmlənir". Bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan mətbuat konfransında deyib.

Baş nazir deyib ki, Türkiyədəki Azərbaycan sərmayələrinin hədəfləri həqiqətən çox böyükdür: "Bunların ən əhəmiyyətlisi də təbii ki, TANAP layihəsidir. Bu layihə ilə əlaqədar başlanan rəsmiləşdirmə işləri ilə bağlı Nazirlər Kabinetinin qərarı da qəbul edilmişdir. Qarşıdakı aylarda, inşallah, burada addımlar atılacaq və TANAP-la bağlı 2018-ci il hədəfinə nail olacağımız an inanıram ki, bu beynəlxalq layihə aramızdakı qardaşlığımızı qat-qat gücləndirəcəkdir.
Təbii ki, bununla yanaşı, cənab Prezidentin də ifadə etdiyi kimi, Bakı-Tbilisi-Ceyhan neft kəməri məsələsi, ondan sonra eyni şəkildə yenə Bakı-Tbilisi-Qars dəmir yolu məsələsi, ondan sonra yenə Şahdəniz-Ərzurum layihəsi, bütün bunlar həqiqətən Azərbaycan-Türkiyə arasındakı bağların nə qədər güclü olduğunu göstərən ən mühüm sərmayələrdir.
Bizim aramızda təbii ki, siyasi, hərbi, mədəni, iqtisadi, ticarət, - bütün bu sahələrdəki birlik, həmrəylik qardaşlığımızın hansı səviyyədə olduğunu göstərən ən gözəl nümunələrdir. Gələcəkdə inanıram ki, çox ciddi sərmayələri birlikdə yatıracağıq. Xüsusilə təbii qaz məsələsində yatırmaqda olduğumuz, yatıracağımız sərmayələr və bu mövzu ilə əlaqədar olaraq daha əvvəl "Petkim"də başlayan proses və "Petkim"dəki yeni investisiyalar bu addımların nə qədər əhəmiyyət daşıdığını ifadə edir.
Bizim bu həmrəyliyimiz, bu qardaşlığımız bundan sonrakı dövrdə də eyni qətiyyətlə davam edəcəkdir. Bu məsələdə tərəflərdə heç bir narahatlıq yoxdur. Təkbətək görüşümüzdə də bunları əhatəli müzakirə etmək imkanımız oldu. Nümayəndə heyətlərinin iştirakı ilə görüşdə də bunları eyni şəkildə dəyərləndirmək imkanımız oldu.
Nazirlərimiz öz aralarında istər enerji, istər müdafiə sənayesi istiqamətində birlikdə nələr edə biləcəyimizi müzakirə etdilər. Fikir verirsinizsə, Azərbaycan ilə Türkiyə arasındakı yüksək səviyyəli səfərlər son vaxtlarda daha da artmağa başlamışdır. İstər prezidentlər arasındakı, istər Baş nazir, nazirlər arasındakı görüşlər hər keçən gün daha da artaraq davam edir. Bunlar bundan sonra da tərəddüdsüz şəkildə davam edəcəkdir. Bizim bu məsələdəki qətiyyətimiz həmişəki kimi, eyni şəkildə davam etməkdədir.
Təbii ki, bu gün aramızda yenə Qarabağ məsələsini müzakirə etmək imkanımız oldu. Bunu təkrar aramızda müzakirə etdik və Dağlıq Qarabağ mövzusunda biz bu günə qədər necə bir qətiyyət, mövqe göstərmişiksə, bundan sonra da yenə eyni qətiyyətli mövqedə olmaqda davam edəcəyik. Burada güzəştə getməyimiz əsla müzakirə mövzusu ola bilməz. Bunun xüsusilə ekran qarşısında bizi izləyənlərin bilməsini bir daha istəyirəm. Bu baxımdan bunu ifadə edirəm.
Mən bizə göstərilən qonaqpərvərliyə, xüsusilə media nümayəndələrinə də dərin minnətdarlığımı bildirirəm. Təşəkkür edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə