"Bu ilki bələdiyyə seçkilərində də müxalifətə heç bir dəstək olmayacaq" Açıqlama

"Bu ilki bələdiyyə seçkilərində də müxalifətə heç bir dəstək olmayacaq" Açıqlama

"Müxalifət, xüsusilə də onun radikal, destruktiv, barışmaz qanadı hər seçkiqabağı- istər prezident, istər bələdiyyə, istərsə də parlament seçkilərində özlərini təsdiq etmək üçün müəyyən şoular nümayiş etdiriblər. Bu şoular da müəyyən qondarma təşkilatların, xalqa heç bir aidiyyatı olmayan şuraların, məclislərin yaradılması ilə xarakterizə olunub". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev müxalifətin qarşıdan gələn növbəti bələdiyyə və parlament seçkiləri ilə bağlı passiv mövqe nümayiş etdirməsinə, fəaliyyətsizliyinə münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, bütün cəhdlərə baxmayaraq, həmin qüvvələrin cəmiyyətdə heç vaxt dəstəyi olmayıb: "Azərbaycanda keçirilən son prezident seçkiləri bir daha göstərdi ki, radikallar növbəti dəfə müxtəlif adlarla çıxış edərək "Milli Şura" adlanan qeyri-ciddi qurumda birləşdilər. Lakin hər zaman olduğu kimi, yenə də sona qədər bir ola bilməyib, şəxsi ambisiyaları səbəbindən yenidən ayrıldılar. Sonra isə ənənəvi olaraq mübahisələrə, qarşılıqlı ittiham və təhqirlərə keçərək bir-birlərini şantaj etməyə girişdilər. Onlar bununla guya göstərmək istəyirdilər ki, ölkədə müxalifət var. Əslində ölkədə sağlam müxalifət yoxdur, onun sadəcə adı var. Dediyim kimi, prezident seçkilərində artıq onlar özlərinin məhvə doğru getdiklərini bir daha sübut etdilər".

"Onlar ənənəvi olaraq seçkilərdə uğur qazana bilmədilər. İndi isə qarşıdan növbəti bələdiyyə və parlament seçkiləri gəlir. Ötən bələdiyyə seçkilərində də onlar xalq arasında dəstəkləri olmadıqlarını nümayiş etdirdilər. Yəni, azsaylı namizədlərlə seçkilərə getmişdilər və heç bir müvəffəqiyyət də qazana bilməmişdilər. Hesab edirəm ki, bu bələdiyyə seçkilərində də onlara heç bir dəstək olmayacaq. Çünki onları Azərbaycan cəmiyyəti yaxşı tanıyır" - deyə, komitə üzvü məsələ ilə bağlı fikirlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə