Nazirlər Kabineti “Viza blankının doldurulması Qaydası”nı təsdiqləyib
Nazirlər Kabineti "Viza blankının doldurulması Qaydası"nı təsdiqləyib. Nazirlər Kabinetindən SİA-ya verilən xəbərə görə, viza blankının fərdi olaraq doldurulması qaydasını müəyyən edir.
Viza verilməsi haqqında vəsatətə Miqrasiya Məcəlləsinin 36-cı maddəsində göstərilmiş müvafiq sənədlər təqdim edildiyi təqdirdə, həmin Məcəlləyə uyğun olaraq baxılır və viza verilməsi məqsədəuyğun hesab edildikdə viza blankı doldurulur.
Viza blankı fərdi qaydada "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin (İAMAS) "Viza" altsistemi vasitəsilə doldurulur.
"Viza" altsistemi vasitəsilə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi üçün İAMAS-la aşağıdakı işlər həyata keçirilir:
- viza alan əcnəbinin miqrasiya qanunvericiliyində nəzərdə tutulmuş məlumatları elektron formada optik oxuyucu və (və ya) klaviatura vasitəsilə İAMAS-ın "Əcnəbilər" informasiya resursuna daxil edilir və ona sistemdaxili identifikasiya nömrəsi verilir;
- təqdim olunan məlumatların düzgünlüyü və tamlığı, əldə olan sənədlərə uyğunluğu yoxlanılır, İAMAS-ın məhdudiyyət siyahıları ilə müqayisələr aparılır və sistemdaxili razılaşdırma həyata keçirilir;
- yoxlamanın və razılaşdırmanın nəticəsindən asılı olaraq qəbul edilən yekun rəy müsbət olduqda, viza blankının çap edilməsinə icazə yaranır və fərdiləşdirilməsi təmin edilir;
- viza blankı və onun çap keyfiyyəti xüsusi proqram-texniki vasitə ilə yoxlanılır;
- fərdi olaraq doldurulmuş, eləcə də qüsurlu, zədələnmiş və ya korlanmış blankların qeydiyyatı "Blankların uçotu" informasiya resursunda avtomatik aparılır.
Viza blankının əllə doldurulması yolverilməzdir.
Nazirlər Kabineti "Viza almaq üçün ərizə-anket"in və "Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti"nin nümunələrini də təsdiqləyib. Bu qərarlar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB