“Rusiya SSRİ-nin öz daxilində payladığı torpaqları geri almağa başlayıbsa…

Mübariz Əhmədoğlu: “Qərbin əsas mövqeyi odur ki, Rusiya Ukraynanın digər rus dilli bölgələrini öz tərkibinə qatmasın”
“Rusiya SSRİ-nin öz daxilində payladığı torpaqları geri almağa başlayıbsa…

"Krım və Dağlıq Qarabağ probleminin tarixi baxımdan müqayisəli təhlilini aparsaq, bu məsələ Azərbaycanın xeyrinədir". Bu fikirləri SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu Krım və Dağlıq Qarabağ probleminin müqayisəli təhlinini şərh edərkən deyib.

M.Əhmədoğlu deyib: "Vaxtilə xanlıq olan Krım və Qarabağı Çar Rusiyası işğal edib. Sonradan Rusiya Krımı öz tərkibində saxlasa da Qarabağ və İrəvan xanlığını yaradılan süni Ermənistan dövlətinin tərkibinə qatdı. Bu günsə Rusiya prezidenti Vladimir Putin deyir ki, Xruşovun səhvini düzəldiblər. Guya Xruşov 1954-cü ildə Krımı Ukraynaya verib. Hadisələrə bu rakursdan yanaşsaq, elə birinci Zəngəzur mahalı Ermənistana verilib. Əgər Rusiya SSRİ-nin öz daxilində payladığı torpaqları geri almağa başlayıbsa, birinci Zəngəzur mahalı Azərbaycana geri qaytarılmalıdır. Çünki 1923-cü ildə ilk olaraq Stalin Zəngəzuru Ermənistana verdi ki, Naxçıvanla Azərbaycan arasında əlaqə kəsilsin. Bu isə Türkiyə ilə Azərbaycan əlaqələrinin qopması demək idi. Putin bu addımı atırsa, Qarabağ və Zəngəzur əsl sahibinə qaytarılmalıdır. Putin iddia edir ki, vaxtilə Xruşovun səhvi ucbatından Rusiyanın ərazi bütövlüyü pozulub. Ona görə də Rusiya Krımı özünə birləşdirməklə ərazi bütövlüyünü bərpa edib. Bizim də ərazi bütövlüyümüz pozulub və Rusiyanın prizmasından yanaşsaq Azərbaycanın da ərazi bütövlüyü bərpa olunmalıdır. Rusiya da bu məsələyə köməklik göstərməlidir".

"Krımda keçirilən "referendum" gözdən pərdə asmaqdan başqa heç nə deyil. Belə bir "referendum" 1991-ci il 2 dekabrda Dağlıq Qarabağda da keçirilib. Bu "referendum"lar oxşardır. Guya hər şey millətlərin öz müqəddaratını təyinetmə prinsipi ilə həll olunub. Yəni, bu üzdə görünəndir. Amma reallıqda Dağlıq Qarabağda keçirilən referendum heç nə ilə müqayisə oluna bilməz. Çünki həmin referendum deportasiyadan sonra keçirilib. Ermənilər və ruslar Dağlıq Qarabağdan azərbaycanlıları qovdular və monoetnik ermənilər "referendum"un nəticələrini istədikləri şəkildə verdilər.Beynəlxalq hüquq deyir ki, əhalisi deportasiyaya məruz qalmış bölgədə keçirilən referendumun nəticələri tanınmır. Ona görə də Krımda, Kosovada keçirilən referendumların nəticəsi ayrı mövzu olsa da Dağlıq Qarabağda ermənilərin azərabaycanlıları deportasiya etdikdən sonra keçirdiyi referendumun nətisəi heç vaxt tanına bilməz", - deyə M.Əhmədoğlu vurğulayıb.

Politoloq Krım böhranındakı son durumu da dəyərləndirib: "Artıq ABŞ və böyük Qərb dövlətləri Krımın Rusiyaya birləşdirilməsi ilə razılaşıblar. Bu gün Qərbin əsas mövqeyi odur ki, Rusiya Ukraynanın digər rus dilli bölgələrini öz tərkibinə qatmasın. Çünki Ukraynanın rusdilli bölgələrində vətəndaş aktivliyi müşahidə olunur. Rusiya da Ukraynanın federallaşması məsələsini gündəliyə gətirib. Bu məsələni isə ABŞ müzakirə üçün qəbul edib. Qərbin Krımı Rusiyanın tərkib hissəsi kimi tanıyıb-tanımaması ayrı məsələdir. Ancaq, hesab edək ki, Krım məsələsi Rusiyanın xeyrinə bağlanıb və ABŞ-Rusiya ilə müqavilə bağlayır. Həmin müqavilədə Vladimir Putin Krımsız Rusiyanın prezidenti kimi qeyd olunmayacaq. Ona görə də Qərb Krımın Rusiyaya birləşdirilməsini qəbul edib".

M.Əhmədoğlunun sözlərinə görə, Krım böhranında heç bir gərginlik olmayacaq: "O zaman Qərb və Rusiya arasında gərginlik olardı ki, Qərbin gücü olardı və Rusiyaya qarşı hərbi gücündən istifadə edərdi. Qərbin hərbi gücü yoxdur. İqtisadi sanksiyalarla Rusiyanı cilovlaya bilməyəcəklər. Rusiyanın neft və qazının qabağını alsalar, digər təbii sərvətlərini satacaq. Ona görə də iqtisadi sanksiyaların müddəti uzun çəkməyəcək. Hesab edirəm ki, hadisələr artıq sakitləşmə mərhələsinə qədəm qoyub".

Bütün xəbərlər Facebook səhifəmizdə