Şərqşünaslıq İnstitutunun direktoru: "Jirinovski ifrat millətçi-nasist ideologiyasına xidmət etdiyini ortaya qoydu" Münasibət

Şərqşünaslıq İnstitutunun direktoru: "Jirinovski ifrat millətçi-nasist ideologiyasına xidmət etdiyini ortaya qoydu" Münasibət

"Bu yaxınlarda Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovskinin Azərbaycan, Azərbaycan xalqı, onun adı, tarixi haqqında heç bir etikaya, sağlam məntiqə sığmayan, elmi əsası olmayan fikirlərini eşitdik və bu da təbii ki, biz azərbaycanlıları hiddətləndirdi. Hesab edirəm ki, Jirinovski əslində bununla ifrat millətçi-nasist ideologiyasına xidmət etdiyini bir daha ortaya qoydu. Onsuz da onun indiyədək ifadə etdiyi bütün fikirlər ciddi qəbul edilməyib. Hətta, Rusiya cəmiyyətinin sağlam hissəsi onun fikirlərini daim qeyri-ciddi kimi qiymətləndirib". SİA-nın xəbərinə görə, bu sözləri millət vəkili, Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva Jirinovskinin azərbaycanlılar haqqında dediyi fikirlərə münasibət bildirərkən deyib.

G. Baxşəliyevanın sözlərinə görə, Jirinovski iddia edir ki, guya o, şərqşünasdır: "Ancaq onun şərqşünaslıqdan xəbəri belə yoxdur. Əgər xəbəri olsaydı, bu cür cəfəng, sərsəm iddialar səsləndirməzdi. O deyir ki, Azərbaycan sözü rus dilinə tərcümədə Azər- Xəzər dənizi, Bayca– kray, yəni diyar deməkdir. Yaxşı olardı ki, Jirinovski bu məlumatı hansı mənbədən, hansı xalqın dilindən götürdüyünü dəqiqliklə bildirəydi. Yoxsa, belə asanlıqla uydurmalar yaymaq heç bir etikaya sığmır".

Hər hansı tarixi mənbədə, dialektdə buna bənzər bir məqama rast gəlmədiyini deyən İnstitutun direktoru fikirlərinə əlavə edib ki, nə qədim türk, nə ərəb, nə də fars dilində Xəzər dənizi tarix boyu heç vaxt Azər dənizi adlandırılmayıb. Bu, tam dəqiq məlumatdır. "Azər" sözü heç bir mənbədə Xəzər dənizinin adı kimi göstərilmir. Müxtəlif dillərdə tərtib olunan qədim və orta əsrlər xəritələri də bu faktı təsdiq edir. Xəzər dənizi heç vaxt Azər dənizi adlandırılmayıb. Eyni zamanda "bayca" sözü Jirinovskinin iddia etdiyi mənanı vermir. Ona görə yaxşı olardı ki, izah edərdi görək bu sözün – Xəzər dənizinin Azər dənizi adlandırılmasını hansı mənbədən, hardan götürüb. İkincisi, o deyir ki, azərbaycanlılar Kaspi dənizinin kənarında yaşayan insanlardır. Yəni, rusca bunlar kaspilərdir, bu nədir- millətdirmi? Xeyr. Yəni, onun sözləri ilə bu millət deyil, bu yalnız yer adıdır".

"Əgər Kaspilərdən söz gedirsə, Xəzər dənizinin cənub-şərqində kaspilər adlı toplum yaşayıb və onların adlarına görə də həmin ərazi müəyyən dövr Kaspiana adlanıb. Lakin sonralar həmin o kaspilər bir xalq, etnos kimi yoxa çıxıb. Yəni, qonşu etnoslar tərəfindən tarixin xəritəsindən adları silinib. O ki qaldı Azərbaycan sözünün mənşəyinə, qeyd etmək istərdim ki, Azərbaycan sözü ölkə adı olaraq Atropatena sözündən yaranıb və tarix boyu bir sıra fonetik dəyişikliklərə məruz qalaraq bugünkü formasını alıb. Bu haqda mənbələrdə kifayət qədər məlumatlar var. Cənab Jirinovskiyə bildirmək istərdim ki, Atropatena toponimi pəhləvi mənbələrdə Atobadegan, ərəbdilli mənbələrdə isə bir sıra dəyişikliklərə məruz qalaraq bugünkü formasını alıb. Ərəblər Azərbaycanı istila edəndən sonra Atropatena sözü tədricən dəyişikliyə məruz qalıb və müxtəlif ərəb mənbələrində tədricən dəyişilərək bugünkü Azərbaycan formasını alıb"- deyə, millət vəkili məsələ ilə bağlı fikirlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə