İmamverdi İsmayılov: “Azərbaycanın zərrə qədər də heç bir dövlətdən asılılığı yoxdur”. MÜSAHİBƏ

İmamverdi İsmayılov: “Azərbaycanın zərrə qədər də heç bir dövlətdən asılılığı yoxdur”. MÜSAHİBƏ

Millət vəkili İmamverdi İsmayılovun SİA-ya müsahibəsi:

- İmamverdi müəllim, bildiyiniz kimi Azərbaycan BMT Baş Assambleyasında Krımın Rusiyaya birləşdirilməsinin əleyhinə səs verdi. Bəzi iddialar səsləndirilir ki, son vaxtlar cəbhə xətttində ermənilər tərəfindən atəşkəs rejiminin pozulması məhz bu məsələ ilə bağlıdır, guya Rusiyanın diqtəsi ilə ermənilər atəşkəsi pozur. Hətta Rusiyanın Tovuzdan Azərbaycana girəcəyi ilə bağlı iddialar səsləndirilir. Buna münasibətiniz?

- Azərbaycan Krımın Rusiyaya birləşdirilməsinin əleyhinə səs verməklə, öz ədalətli mövqeyini bir daha ortaya qoydu. Bu məsələ həm Azərbaycanda, həm də xaricdə bir çox iddialara da son qoymuş oldu. Əvvəla, bir daha sübut olundu ki, Azərbaycanın heç bir dövlətdən zərrə qədər də olsun asılılığı yoxdur və tam müstəqil xarici siyasət həyata keçirir. Digər tərəfdən, ermənilərin ölkəmiz haqqında mənfi imic yaratmaq cəhdlərinə də zərbə vuruldu. Ancaq bəzi KİV-də, xüsusilə də, müxalifətyönlü mətbuatda belə məlumatlar yayılır ki, guya Azərbaycan Krımın Rusiyaya birləşdirilməsinin əleyhinə səs verdiyinə görə, Rusiya Qarabağı da ələ keçirəcək, guya Tovuzdan ölkəmizə hücum da edəcək. Bu iddialar sabun köpüyü kimi bir şeydir və heç bir əsası yoxdur. Ermənilər cəbhə xəttində mütəmadi olaraq atəşkəsi pozub, heç bir qanuni tələblərə məhəl qoymayıb. Son zamanlar cəbhə xəttində atəşkəs rejiminin ermənilər daha geniş formada pozulmasının BMT Baş Məclisindəki səsvermə ilə heç bir bağlılığı ola bilməz. Azərbaycan qüdrətli dövlətdir, dövlət başçımızın həyata keçirdiyi xarici siyasət sayəsində ölkəmiz dünyada söz sahiblərindən birinə çevrilib. Rusiya isə, söz sahibi olan heç bir dövlətlə öz arasında ziddiyyət yaratmaz. Bu Rusiyanın regional baxımdan maraqlarına zərbə vurmuş olar. Heç şübhəsiz ki, Krımın Rusiyaya birləşdirilməsi Ukrayna konstitusiyasına, eləcə də beynəlxalq hüquq normalarına tamamilə ziddi addım idi. Ancaq daha çox Rusiya və Ukraynanın problemi olan bu məsələlərdən şou düzəldib yanlış yerə istiqamətləndirmək düzgün deyil. Mən əminəm ki, bu cür dezinformasiyalar məhz ermənilərin başının altından çıxır, onlar bununla Rusiya-Azərbaycan arasındakı dostluğa zərbə vurmaq istəyirlər. Ancaq buna nail olmaq mümkün deyildir.

- Müsavat Partiyasının başqanı İsa Qəmbərin "Düşüncə Mərkəzi" adlı qurum yaratmasını necə qiymətləndirirsiniz?

- İsa Qəmbərlə Əli Kərimli arasında uzun illərə söykənən düşmənçilik münasibəti var. Onlar "Milli Şura"da görüntü yaratmaq naminə birlikdə idilər, ancaq seçkidəki məğlubiyyətləri onların formal birliyini də dağıtdı. Onların hər birində şəxsi istək milli istəkdən daha üstündür, onlar şəxsi ambisiyaları naminə bütün anti-milli addımlar atmağa da hazırdırlar. İndi İsa Qəmbərin "Milli Şura"dan çıxaraq "Düşüncə Mərkəzi" adlı qurum yaratması da bir çox şeylərə hesablanıb. Əvvəla, İ.Qəmbər bununla "Milli Şura"ya alternativ qurum yaradır, bununla da, Ə.Kərimlinin təsirlərini azaltmaq istəyir. İkincisi, "Düşüncə Mərkəzi" adlı qurumun yaradılması AXCP ilə düşmənçiliyi daha geniş formada aparmağa hesablanıb. Məncə, onların addımlarını ciddiyə almaq lazım deyil. Müsavat və AXCP iki gündən sonra yenə də hansısa bir qondarma qurum yaradacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə