"El" Hərəkatında ziddiyyətli məqam yaranıb. SİA-nın məlumatına görə, hərəkatın partiyaya çevrilməsi və adının dəyişdirilməsi istiqamətində qurum daxilindən verilən açıqlamalar üst-üstə düşmür və ziddiyyət təşkil edir. Hərəkatın sədr müavini Zəfər Quliyev məsələ ilə bağlı açıqlamasında qeyd edib ki, "El" hərəkatının adının dəyişdirilməsi müzakirə mövzusu deyil: "Adın dəyişdirilməsi qurultayın səlahiyyətidir. Lakin belə bir söhbət də yoxdur. Yəni heç kim, heç nəyi dəyişmir".
Qeyd edək ki, "El" hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev Zəfər Quliyevdən fərqli olaraq mətbuata açıqlamasında bildirmişdi ki, qurumun rəhbəri Eldar Namazov "El" hərəkatının adını dəyişmək istəyir. E.Quliyev qeyd edib ki, hazırda "El" Hərəkatı qurultaya hazırlaşır və qurultaya hazırlıq üçün Təşkilat Komitəsi yaradılıb: "Komitənin sədri Eldar Namazovdur. Hərəkatın qeydiyyatı ilə bağlı qərar qəbul etməmişik. Bu, qurultayın səlahiyyətində olan məsələdir. Qərar qəbul olunarsa, yəqin ki, adında da müəyyən korrektlər etmək olar".
Xatırladaq ki, "El" Hərəkatının adının dəyişdirilməsi prezident seçkisindən sonra bu qurumdan istefa verərək, "El" Partiyası yaradan Əflan İbrahimovun bu addımı ilə əlaqələndirilirdi. Lakin Eldəniz Quliyev bunu inkar edib: "Əflan kimdir, onun qurduğu partiya nədir, hər kəsə bəllidir".
"Əflanı nəinki tanımırlar, hətta nifrət edirlər"-deyə bildirən Eldəniz Quliyev qeyd edib ki, onun təşkilatı heç bir fayda verməyəcək: "O cür partiya Azərbaycana nə fayda verə bilər?".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB