Bu gün Qaradağ rayon Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının yaradılmasının 21-ci ildönümü ilə bağlı tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə YAP İdarə Heyətinin üzvü Kərim Kərimov, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları ilk öncə Heydər Əliyev adına parkda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edərək, abidənin önünə tər gül-çiçək dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbiri giriş nitqi ilə açan YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov Yeni Azərbaycan Partiyasının siyasi səhnəyə XX əsrin 90-cı illərinin əvvəllərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi şəraitdə gəldiyini qeyd edib: "1993-cü ildə YAP-ın sədri Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyuldu. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişdi və müxalifətdə olan partiyadan iqtidar partiyasına çevrildi. YAP Qaradağ rayon təşkilatının yaranması da çox çətin və mürəkkəb bir dövrə təsadüf edir. 1991-1992-ci illərdəki siyasi-ictimai proseslərdə Qaradağ rayonu da indiki radikal müxalifətin əsas dayaq məntəqələrindən biri olmuşdu. Bilirsiniz ki, AXC-Müsavat cütlüyünün hakimiyyətinin təzyiqləri, hədə-qorxuları qarşısında partiya quruculuğunu həyata keçirmək böyük mübarizlik tələb edirdi. Bütün bunlara baxmayaraq, Naxçıvanda təsis konfransı keçirilmiş Yeni Azərbaycan Partiyasının tezliklə Qaradağ rayon təşkilatı formalaşdırıldı. Hərəkatın üzvlərinin təşkilatın yaradılması üçün ilk yığıncağı 1992-ci ilin dekabr ayının 13-də Sahil qəsəbəsində yerləşən 190 saylı BPM-də keçirilmişdi. Rayon təşkilatının təsis konfransı isə 1993-cü ilin mart ayında keçirilmiş və orada sədr Yaqub Əliyev, müavin isə mən seçilmişdim. Amma bu təsis konfransını keçirmək elə də asan olmadı. O zamankı hakimiyyət qüvvələri təşkilatın yaranmasının qarşısını almaq üçün hər cür təzyiqlər göstəriblər. Lakin onlar buna yenə də mane ola bilmədilər. Məhz elə bir ağır və çətin dövrdə mübariz insanların sayəsində YAP Qaradağ rayon təşkilatı yaradıldı. O zamandan burada təşkilatlanma işi başlayıb. 1993-cü ilin martından ötən dövr ərzində YAP Qaradağ rayon təşkilatı böyük inkişaf yolu keçib. Artıq on mindən çox üzvü özündə birləşdirən YAP Qaradağ rayon təşkilatı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü qətiyyətli, uğurlu siyasətini hər zaman dəstəkləyir. Bu gün Ulu Öndər Heydər Əliyevin qoyduğu tarixi ənənələri Prezidentimiz İlham Əliyev sədaqətlə həyata keçirir".
Daha sonra çıxış edən YAP İdarə Heyətinin üzvü Kərim Kərimov isə çıxışında partiyanın yaranma tarixindən, o dövrki siyasi vəziyyətdən danışıb: "1988-ci ildən başlanan iqtisadi, siyasi, xüsusilə dövlət hakimiyyəti böhranı ölkəmizdə vəziyyəti daha da gərginləşdirmişdi. Məhz belə bir ərəfədə xalqın sağlam qüvvələri, həmçinin, ziyalılar böyük tarixi şəxsiyyət Heydər Əliyevə müraciət etdilər. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyası təsis edildi. Xalqın arzularının təcəssümü, yekdil iradəsinin ifadəsi kimi tarixi reallıqdan irəli gələrək, vətənpərvərlik, əqidə birliyi, dövlət müstəqilliyi və azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində yaranan Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi həyatına yeni nəfəs verməklə, qurtuluş və tərəqqinin, inkişafın simvoluna çevrilib. İnanıram ki, Yeni Azərbaycan Partiyası bundan sonra da Azərbaycanın siyasi həyatında öz mütərəqqi missiyasına sadiq qalaraq, dövlətimizin və xalqımızın inkişafı naminə vəzifələrini şərəflə yerinə yetirəcək".
Kərim Kərimov xatırladıb ki, YAP müxalifət partiyası kimi yaranmışdı: "Lakin YAP xalqa qarşı müxalifətdə deyildi, xalqın mənafeyinə uyğun şəkildə addımlar atırdı. YAP xalqın sevdiyi, etimad göstərdiyi partiyadır. Ona görə də, yarandığı qısa müddətdən sonra partiyamız hakimiyyətə gəldi. Xalqın təkidli tələbi ilə Bakıya qayıdan Ulu öndər xalqımızı vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən qurtardı, çağdaş tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil oldu. Əlbəttə ki, bu gün Ulu öndərin əsasını qoyduğu siyasi kurs möhtərəm Prezidentimiz, partiyamızın Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir və YAP İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqına və dövlətinə xidmət edir. Prezidentimizin siyasəti nəticəsində ölkəmizin bütün guşələri, o cümlədən ucqar dağ rayonları da gözəlləşir, inkişaf edir".
Daha sonra Azərbaycan Gənc Diplomatlar Birliyinin baş katibi Elton İbrahimli Azərbaycanda həyata keçirilən gənclər siyasətindən danışıb: "Ulu Öndər Heydər Əliyev 1993-cü il 15 iyun tarixində Azərbaycan Parlamentinin sədri seçildiyi zaman bir qrup gənclər təşkilatını bir araya toplayaraq onları narahat edən problemləri diqqətlə dinləmiş, onların aradan qaldırılmasında yaxından köməklik göstərəcəyini bildirmişdi. Bu yöndə ilk addım isə Azərbaycan Gənclər və İdman Nazirliyi yaradılması oldu, ardınca isə 1996-cı ildə Azərbaycan Gənclərinin I Forumu keçirildi. Ulu Öndər gənclərin rifahının daha da təkmilləşməsi üçün Azərbaycan Dövlət Gənclər Siyasəti proqramını təsis etdi. Cənab prezidentimiz İlham Əliyevin dövründə sözügedən proqram daha da şaxələndirilərək geniş mövzuları əhatə etdi. Təbii ki, gənclərimiz də onlara göstərilən diqqət və qayğıya qarşı laqeyd deyillər. Gənclər üzərində dövlətin qayğıkeş münasibəti onlara daha da əzmlə irəli getməsinə ruh verir. Məhz buna görə də bu gün Azərbaycan gəncləri cənab prezidentimizin siyasətini dəstəkləyirlər".
Bu il Qaradağ rayonundan 690 balla Bakı Ali Neft Məktəbinə daxil olan Məhəmməd Cəbrayılov isə Azərbaycanda mövcud olan təhsilin keyfiyyətindən danışıb.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxsə qiymətli hədiyyələr təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB