Siyavuş Novruzov: "Heydər Əliyev Fondunun fəaliyyəti genişmiqyaslıdır" AÇIQLAMA

Siyavuş Novruzov: "Heydər Əliyev Fondunun fəaliyyəti genişmiqyaslıdır" AÇIQLAMA

"Ümumiyyətlə, biz Heydər Əliyev Fondunun fəaliyyətinə nəzər salsaq görərik ki, bu, çoxşaxəli bir fəaliyyətdir. Xüsusilə, mədəniyyətimizin təbliğ olunmasında, həmçinin səhiyyə, təhsil, eləcə də müxtəlif xəstəliyə düçar olmuş uşaqlar üçün Heydər Əliyev Fondu tərəfindən xüsusi rejimli uşaq evlərinin, xəstəxanaların açılışı sevindirici amil kimi dəyərləndirilir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Azərbaycanın birinci xanımı, YUNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın 2014-cü ilin "Ən nüfuzlu qadını" adına layiq görülməsi və Heydər Əliyev Fondunun fəaliyyəti haqqında danışarkən deyib.

Millət vəkilinin sözlərinə görə, bütün bunların hər birində Heydər Əliyev Fondunun genişmiqyaslı fəaliyyəti durur: "Bu fəaliyyət tək ölkə daxilində deyil, eləcə də ölkə hüdudlarından kənarda da çoxşaxəlidir. Məsələn, Heydər Əliyev Fondu tərəfindən Pakistanda baş verən zəlzələ zaman uçmuş məktəb binasının yerində yeni, müasir təhsil ocağının tikintisi, Fransada Luvr muzeyinə Fondun töhvəsi, Moskvada, Astraxanda, Volqoqradda Fond tərəfindən məktəbin, bağçanın tikintisi, parkın və müxtəlif körpülərin salınması və s. buna ən layiqli misaldır.

Eləcə də mədəniyyətlərarası əlaqələrin genişlənməsi, beynəlxalq konfransların, simpoziumların keçirilməsi və mədəniyyətlərlə insanların, xalqların, dövlətlərin bir-birinə yaxınlaşması, o cümlədən dinlərarası əlaqələr, Şərqlə Qərbin və Şərqlə Avropanın, İslam dünyası ilə xristian dünyasının yaxınlaşmasına verdiyi xüsusi töhvəsinə görə Heydər Əliyev Fondunun işini uğurlu saymaq olar. Fondun Prezidenti Mehriban xanım Əliyeva da bu işlərin ən aparıcı qüvvəsi kimi, o cümlədən dəfələrlə qanunvericilik təşəbbüsü ilə Azərbaycan Milli Məclisində deputat kimi öz səlahiyyətlərindən istifadə edərək ən hümanist addımların atılması, Amnistiyanın hazırlanıb təqdim olunması və bunun nəticəsində 15 mindən artıq Azərbaycan vətəndaşının bu və ya digər şəkildə çəkdiyi cəzalardan yəni, bəzilərinin cəzalarının yüngülləşdirilməsi, bəzilərinin isə tamamilə azadlığa buraxılması və başlanmış cinayət işinin ləğv olunması bu işlərə dəlalət edən məsələdir. Bu mənada mən Mehriban xanım Əliyevanın 2014-cü ilin "Ən nüfuzlu qadını" adına layiq görülməsi münasibətilə səmimi qəlbdən təbrik edirəm və uğurlar arzulayıram".

Siyavuş Novruzov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın gördüyü işlər haqqından da danışaraq deyib ki, ilk dəfə olaraq Ermənistana qarşı soyqırımı ittihamı ilə dünyada iş aparılır. "Xocalıya Ədalət" kampaniyası başlayan andan dünya ölkələrinin bir çoxunda, ABŞ-ın 20-dən artıq ştatında, eləcə də ayrı-ayrı dövlətlərdə Xocalı faciəsini soyqırımı kimi tanınıb və dünyanın əksər yerində bununla bağlı tədbirlər keçirilir. Xüsusilə, gənclər aktiv şəkildə bu məsələyə qoşulublar. İndi onlar virtual məkanda bundan daha geniş şəkildə istifadə edirlər. Ayrı-ayrı konqresmenlərə, senatorlara məktublar göndərilir və müraciətlər olunur. Bu baxımdan Leyla xanım Əliyevanın fəaliyyəti əvəzolunmazdır. Heç də təsadüfi deyil ki, Leyla xanım Əliyeva xeyriyyəçilik fəaliyyəti ilə əlaqədar olaraq Rusiyanın Provaslav Kilsəsinin ən yüksək ordeninə layiq görülüb".

Bütün xəbərlər Facebook səhifəmizdə