Əli Həsənov: "Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlətdir" TƏDBİR
Bu gün Mətbuat Şurasının təşkilatçılığı ilə "Dini etiqad azadlığı, missionerlik fəaliyyəti və media" mövzusunda konfrans keçirilib. SİA-nın məlumatına görə, tədbiri açıq elan edən Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, Azərbaycanda həmişə dini tolerantlıq mövcud olub və ölkə mediası həyata keçirilən dini azadlıq və tolerantlıq siyasətini həmişə dəstəkləyib.
Ə.Amaşov bildirib ki, Azərbaycanda dini etiqad azadlığı qanunla təsbit edilib: "Azərbaycan vətəndaşı olan hər bir şəxs vicdan və dini etiqad azadlığına malikdir. Bu gün Azərbaycanda böyük tolerantlıq mühiti mövcuddur və bunda mətbuatın da böyük rolu var. Azərbaycan mediası dövlətin dini azadlıq və tolerantlıq siyasətini hər zaman dəstəkləyib. Azərbaycan müstəqillik qazandıqdan sonra müxtəlif təriqətlər və dini cərəyanlar Azərbaycana yol tapıb, son dövrlərdə isə onlar öz fəaliyyətlərini daha da genişləndiriblər. Məsələn, Səudiyyə Ərəbistanında yaradılan vəhabilik təriqətinin inkişafı və yayılması üçün 80 milyard dollardan çox maliyyə vəsaiti xərclənib".
Mətbuat Şurasının sədri qeyd edib ki, son dövrlər mətbuatda nurçuluqla bağlı materiallara geniş yer verilir: "Məlum olduğu kimi, Azərbaycanda heç bir dini təriqətə qarşı təzyiq və zorakılıq halları yoxdur. Lakin çalışmalıyıq ki, bizim milli və dini maraqlarımıza qarşı təhlükəli siyasət yeridən dini qrupların fəaliyyəti nəzarətdə saxlanılsın".
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov isə çıxışında bildirib ki, Azərbaycan Respublikasında din-dövlət münasibətləri konstitusiya, müvafiq qanunlara və ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalara əsasən tənzimlənir: "Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi və unitar respublikadır və din dövlətdən ayrıdır. Dövlətin hüquq, idarəçilik, təhsil, ictimai münasibətlər qulluq və s. sistemləri dünyəvi xarakter daşıyır. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq və s... hüququ var. Qanunun tələbinə görə, bütün bu proseslər dövlətin qanunlarına, dünyəvi idarəçilik sisteminə, cəmiyyətin hüquqi və ictimai normalarına müdaxilə və təzyiq yolu ilə deyil, qanun çərçivəsində baş verməlidir".
Ə.Həsənov vurğulayıb ki, Azərbaycan Respublikasında öz fəaliyyətini mövcud qanunvericilik çərçivəsində quran, xalqımızın milli mənəvi dəyərlərinə və dini hisslərinə hörmətlə yanaşan bütün dini təşkilatlar və icmalar üçün lazımi şərait yaradılır: "Onların təşəbbüsləri, rəy və təklifləri nəzərə alınır. Hökumət hətta onun öhdəliyinə daxil olmasa belə, bu sahədə mövcud qanunlar çərçivəsində dini etiqad və ayinlərlə bağlı öz vətəndaşlarının fəaliyyətinə zəruri şərait yaradır, dövlət vəsaiti hesabına məscidlər, kilsələr, sinaqoqlar və.s ibadət ocaqları tikilir, köhnələri bərpa və təmir olunur və dindarların istifadəsinə verilir. Bundan başqa dövlət başçısının sərəncamı ilə dini icmalar birbaşa vəsait ayrılır, onların bu və ya digər tədbirləri maliyyələşdirilir".
"Təməli Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan dövlətinin din siyasəti demokratik vətəndaş cəmiyyəti kursuna, həmçinin dövlət-din münasibətlərinin milli mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır. Müasir dünya cəmiyyətlərinin ən mütərəqqi dəyərlərindən biri hesab olunan dini tolerantlıq mühiti Azərbaycan cəmiyyətinin nümunəvi birgə yaşayış formasına çevrilib. Azərbaycanda heç vaxt dini zəmində ayrıseçkilik və vətəndaş müharibəsi baş verməyib. Bu sahədə qarşılıqlı hörmətə və etimada əsaslanan mütərəqqi münasibətlər mövcud olub. Son illər ölkə Prezidenti İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət nəticəsində Bakı şəhəri regionun və dünyanın əsas dinlərarası və mədəniyyətlərarası dialoq mərkəzlərindən biri kimi tanınmağa başlayıb. Ölkəmizdə keçirilən çoxsaylı beynəlxalq tədbirlərdə dünyada milli və dini tolerantlığın gücləndirilməsi, multikulturalist dəyərlərin təbliği, dini zəmində ekstremizmə və ayrıseçkiliyə qarşı birgə mübarizə yollarının araşdırılması, fərqli dinlərin və mədəniyyətlərin daşıyıcısı olan insanlar arasında dialoq və qarşılıqlı anlaşmanın bərqərar edilməsi və s... aktual problemlər geniş müzakirə olunur"- deyə, PA rəsmisi sözlərinə əlavə edib.
Çıxış edən "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov vurğulayıb ki, Azərbaycan xalqı heç vaxt öz dini dəyərlərindən imtina etməyib: "Bu gün istənilən hər bir şəxs qanunlar çərçivəsində istədiyi dinə sitayiş edə bilər. Azərbaycan müstəqilliyinin ilk dövründə dövlətimizi istəməyən bəzi qurumlar, anti-Azərbaycançı şəbəkə ölkədə qarışıqlıq yaratmaq üçün əvvəlcədən mill zəmində nələrsə etmək istəsələr də, bu alınmadı. Buna görə də onlar dini zəmində aranı qarışdırmağa çalışsalar da, bu cəhdləri də boşa çıxdı. Çünki Azərbaycan xalqı tolerantdır. Baxmayaraq ki Azərbaycanda əsas din islamdır, digər dinlərə sitayiş edənlərə də hamı hörmətlə yanaşır. Son vaxtlarda isə Azərbaycanı istəməyən qüvvələrin ölkəmizdə öz missionerlik fəaliyyətlərini gücləndirdiklərinin şahidi oluruq. Bu gün müxtəlif insanlar aldadılaraq Suriyaya döyüşmək üçün aparılırlar. Bu məsələdə bəzən mətbuat orqanlar doğru mövqe tutmadı. Hətta həmin insanları şəhid kimi təqdim etdilər. Sonradan Şeyxülislam Hacı Allahşükür Paşazadə və onun rəhbəri olduğu Qafqaz Müsəlmanları İdarəsi məsələyə müdaxilə etdi və bildirildi ki, şəhid öz vətənində olar. Kimlərinsə aldadılaraq və yaxud da şəxsi mənafeyini güdərək başqa dövlətin ərazisində vuruşmaq üçün getməsi ilk öncə dövlətimizin siyasətinə uyğun deyil. İkinci bir məsələ isə ondan ibarətdir ki, başqa ölkədə döyüşərək ölənlər şəhid sayılmırlar. Ona görə də mətbuat bu məsələdə daha düzgün mövqe tutmalıdır və Azərbaycanın milli maraqlarını nəzərə almalıdır".
Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib ki, bu gün müxtəlif sektalar, cərəyanlar islamafob qüvvələr tərəfindən maliyyələşdirilir: "Məsələ o qədər qlobal xarakter alıb ki, bəzi cərəyanlar qonşu ölkələrdə hakimiyyət strukturlarının formalaşmasında söz sahibinə çevrilməyə çalışır. Bu, milli iradə və dövlətçilik maraqlarına ziddir. Azərbaycan mətbuatı ictimai nəzarət funksiyasını həyata keçirməlidir. Mətbuat leqal olaraq fəaliyyət göstərən, qeydiyyatdan keçmiş sektaların məhz həmin istiqamətdə fəaliyyət göstərməsinə ictimai nəzarəti həyata keçirməlidir".
APA Holding-in rəhbəri Vüsalə Mahirqızı bildirib ki, Azərbaycan postsovet məkanında dini etiqad azadlığının qanunla tənzimləndiyi azsaylı ölkələrdən biridir: "Azərbaycan çox nadir ölkələrdəndir ki, burada məscid, sinaqoq və kilsə eyni küçədə yerləşir, hər üç böyük səmavi dinin təmsilçiləri eyni sərbəstlik və rahatlıqla öz inanclarına aid məbədlərə gəlib, dini rituallarını, ibadətlərini yerinə yetirirlər. Çox təəssüf ki, bəzi hallarda həm ictimai müzakirələrdə, həm də mediada dini etiqad azadlığı ilə ayrı-ayrı sektaların dini bölücülük fəaliyyətləri qarışdırılır, zərərli missionerlik fəaliyyətinin təbliğinə yol verilir. Burada digər önəmli məsələ missionerliyin hansısa dinin, ya da sektanın təbliğatı mahiyyətindən çıxarılıb, dövlət maraqlarına toxunan, yayıldığı dövlətin təməl prinsiplərinə ziyan vuran, milli dünyagörüşünün məhvinə yönələn, bəzi hallarda dövlət idarəçiliyi, dövlət quruluşu ilə bağlı dəyişikliklərin təbliğatını aparan formaya çevrilməsidir".
"Haqqın.az" saytının baş redaktoru Eynulla Fətullayev bildirib ki, nurçuluq da bizə tamamilə bizə yad ideoloji cərəyandır. Türkiyə üçün də bu cərəyan yaddır və getdikcə bunu dərk edirlər. Bu, əslində siyasi firqədir. Mən mətbuatda bununla bağlı yazıları təqdir edirəm. Azərbaycan dövlətinin əsasını sarsıdacaq ideologiyaya, nurçuluğa yer olmamalıdır. Bu məsələlər Azərbaycan hökuməti tərəfindən təhlil olunmalı və müvafiq qərar verilməlidir".
"Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib ki, müəyyən sektaların QHT-lərdə, mediada, dövlət strukturlarında öz nümayəndələrini yerləşdirmək cəhdləri var.
A. Quliyev bildirib ki, Azərbaycanda müəyyən silahlı qruplaşmaların yaradılmasında, məscidlərdə partlayışlar törədilməsində, gənclərin təşkilatlandırılaraq, Əfqanıstan və Suriyaya göndərilməsində müxtəlif dini cərəyanların adı hallanır: "Bu gün media bununla bağlı vəzifələrini dərk etməli, eyni zamanda bu təsirlərin altına düşməməlidir. Bundan başqa, media dövlət mənafeləri üçün təhlükəli hala çatan fəaliyyətləri ictimai müzakirəyə çıxarmalı, bununla mübarizə aparmalıdır".
"Ədalət" qəzetinin baş redaktoru Aqil Abbas bildirib ki, müstəqillik illərində müxtəlif təriqətlər Azərbaycana axışıb, insanlar çaş-baş vəziyyətə düşüblər. O bu gün Azərbaycanda müxtəlif təriqətlərə qulluq edən qəzetlərə rast gəlinmədiyini bildirib: "Ancaq bu məsələ ilə bağlı telekanallarda maarifləndirmə işi aparılmalıdır. Eyni zamanda Qafqaz Müsəlmanları İdarəsi bu işlə məşğul olmalıdır. Ancaq mollalarımızın yaslardan başları açılmalıdır. Hamısı ölünü necə yumaq, halvanı necə bişirmək lazım olduğundan danışır. Hətta bu gün elə yas mərasimlər olur ki, İslam, Məhəmməd Peyğəmbər yaddan çıxır, yalnız Musa Peyğəmbərdən danışırlar. Bu məsələdə Qafqaz Müsəlmanları İdarəsinin, telekanalların xüsusi rolu olmalıdır. Qafqaz Müsəlmanları İdarəsi bölgələrdə belə konfranslar keçirməlidir".
Millət vəkili Çingiz Qənizadə terrorçuluq də muzdluluqla bağlı Cinayət Məcəlləsinə dəyişikliklərin parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə olunduğunu, Müdafiə və təhlükəsizlik komitəsində də müzakirəyə çıxarılacağını deyib: "Bununla bağlı Cinayət Məcəlləsində 4 ildən 8 ilə qədər cəza nəzərdə tutulur. Biz bu cəzanın artıraraq 8 ildən 12 ilə qaldırırıq. Biz Cinayət Məcəlləsinə 283.1 maddəsinin qəbul edilməsini müzakirə etmişik. Bu, Azərbaycan hüdudlarından kənarda əməliyyatlarda iştirak etmək üçün qrup yaratmaqla bağlıdır. İnsanları maarifləndirmək lazımdır ki, bu məsələlərdən çəkinsinlər".
Tədbirdə yekun nitqi ilə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, Qafqaz Müsəlmanları İdarəsi və onu rəhbəri, çox hörmətli Şeyxülislam Allahşükür Paşazadə Azərbaycandakı mövcud dini modelin qorunub saxlanması, yaşadılmasında ən dəyərli və ən əsas qüvvədir: "Tarix boyu Azərbaycanda dini qarşıdurma olmayıb. Əgər bizdə dini qarşıdurma olmayıbsa, insanlar öz dini ehtiyaclarını bu model çərçivəsində normal şəkildə ifadə ediblərsə və bu da bizə problem yaratmayıbsa, niyə biz dəyişməliyik? Deməli, bunu dəyişməyə əsas yoxdur".
Ə.Həsənov vurğulayıb ki, Azərbaycan dövləti və QMİ bu dəyişməmək qərarı üzərində israrlıdır: "QMİ-nin tərkibində çox gözəl dinamika qurulub, dini balans qorunub saxlanılır və bu model də inkişaf etdirilməlidir. O fikirlə razıyam ki, Azərbaycanda dini ayinləri həyata keçirən imamlarımızın, axundlarımızın, mollalarımızın səviyyəsini yüksəltməliyik. Bu QMİ-də artıq kurslar yaradılıb və bu kurslarda nəinki molla, axund, imamlarımızın xütbələri, məscidlərdə səsləndirdikləri moizələr və digər məsələlərlə bağlı QMİ özü iş aparır. Eyni zamanda biz düşünürük ki, onların dünyəvi biliklərini artıraq, Azərbaycanın tarixi ilə, din tarixi ilə bağlı, adət-ənənələri ilə bağlı, Azərbaycan dövlətinin yürütdüyü siyasət ilə bağlı, qonşularımızla bağlı, dünyada baş verən proseslər ilə bağlı bilikılərinin qaldırılması vacibdir. Məsələ də diqqətdədir və bu istiqamətdə iş gedir. QMİ-nin bu istiqamətdə başladığı işi Prezident Administrasiyası dəstəkləyir və bu istiqamətdəki işlər yaxın zamanlarda öz effektini verəcəkdir. Dövlət qrumları da cəmiyyətdən gələn siqnallara daha həssas yanaşmalıdır. Dövlət qurumu cəmiyyətdən gələn siqnalları toplamalı, onları təhlil etməlidir".
"Bəzi mətbuat orqanları yazırlar ki, Prezident Administrasiyasında qarşıdurma başlayıb, bir şöbə müdiri, o birisinə qarşı kompramat aparır. Bu əsla belə deyil. Əlbəttə cəmiyyətdən gələn müəyyən siqnallar var və biz şöbə müdirləri və digər strukturlar bunları araşdırmalıyıq. Dövlət strukturunda yerləşən məmurun vəzifəsi başqadır, həmin məmurun vəzifəsini həmin strukturun əsasnaməsi müəyyən edir, onu vəzifəyə təyin edən və ondan hesabat istəyən adam müəyyən edir. Biz Prezident Administrasiyasında yalnız prezidentin qoyduğu vəzifələri icra etmək üçün məmuruq. Biz bu və ya digər cərəyanlara qoşuluruqsa, artıq məmurluqdan çıxırıq. Biz hər birimiz yalnız məmur olaraq öz funksiyamızın dürüst icrasına cavabdehik. Təssüflər olsun ki, belə qarşıdurma meylləri də var. Belə qarşıdurma meyillərini qızışdırmaq istəyənlər də var. Amma eyni zamanda həqiqəti danmaq istəyənlər də var. Bu siqnalların içərisində bəzi həqiqətlər də var. Azərbaycan insanlarının hamısının təfəkkürü, düşüncəsi, bu və ya digər məsələlərə yanaşma meyyarları eyni deyil. Bəzi insanlar var ki, sabitdir, inadkardır, qətiyyətlidir, onu doğru yoldan sapdırmaq qətiyyən mümkün deyil. Bəzi insanlar var ki, onunla müvafiq söhbət aparmaqla onun fikrini dəyişmək olar, onu bu və ya digər istiqamətdə istifadə etmək olar. Bu anlamda biz dövlət olaraq bu məsələləri görürük, nəzarətdədir və idarə edirik"- deyə, Ə.Həsənov vurğulayıb.
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB