Sədaqət Vəliyeva: “Mehriban Əliyeva hərtərəfli fəaliyyəti ilə dünyanın birinci ledilərinə nümunədir”
"Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva hərtərəfli fəaliyyətilə dünyanın birinci ledilərinə nümunədir". Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva deyib.
Millət vəkili qeyd edib ki, bu gün Azərbaycanın sosial sahəsində görülən işlərin böyük bir qismi Mehriban xanım Əliyevanın adı ilə bağlıdır: "Heydər Əliyev Fondunun təşəbbüsü ilə məktəblər, uşaq bağçaları, sosial qayğı mərkəzləri tikilir, əsaslı təmir edilir. Nizami rayonunda Mehriban xanım Əliyevanın iştirakı ilə "Qayğı" reabilitasiya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın iştirakı ilə Daun sindromlu uşaqlar üçün mərkəzlər istifadəyə verilib. Biz eyni tendensiyanı səhiyyə sahəsində də görə bilirik".
Sədaqət Vəliyeva onu da qeyd edib ki, Azərbaycan xalqına məxsus xeyriyyəçilik institutunun yenidən bərpa edilməsində də Mehriban xanım Əliyevanın böyük xidmətləri var: "Bu gün hər kəs Mehriban xanımı həm də böyük xeyriyyəçi kimi tanıyır. Eyni zamanda, Mehriban xanım Əliyevanın Azərbaycanda xeyriyyəçiliklə bağlı gördüyü misilsiz işləri ölkə sərhədləri ilə məhdudlaşmır".
Mehriban xanım Əliyevanın mədəniyyət sahəsində gördüyü işlərə də toxunan millət vəkili vurğulayıb ki, birinci xanımın zəngin fəaliyyəti Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasına, ölkəmizin müsbət imicinin formalaşmasına, eləcə də mədəniyyətlərarası dialoqun genişlənməsinə böyük töhfədir: "Mehriban xanımın fəaliyyəti nəticəsində milli-mənəvi dəyərimiz olan muğamın və ümumilikdə klassik musiqimizin şöhrəti dünyaya yayılıb. Bir sözlə, Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə dünyanın birinci ledilərinə nümunədir. Elə bu səbəbdəndir ki, o, 2014-cü ilin "Ən nüfuzlu qadını" adına layiq görülüb. Əlbəttə, bu fakt bir daha birinci xanım Mehriban Əliyevanın timsalında Azərbaycan qadınları haqqında yaranmış beynəlxalq təsəvvürü ortaya qoyur".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB